...

Bakıda odlu silahdan atəş açan şəxsin kimliyi müəyyənləşib

Siyasət Materials 14 Oktyabr 2008 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir S. Kazımlı /  Bakının Nizami rayonunun ərazisində "Makarov" markalı tapançadan atəş açan şəxsin kimliyi müəyyən edilərək, barəsində axtarı elan olunub.

Nizami rayon Polis İdarəsindən (RPİ) çərşənbə axşamı Trend - a verilən məlumata görə, oktyabrın 12 - də gecə saatlarında Qara Qarayev prospektində yerləşən ticarət mərkəzinin yanında (metronun "Neftçilər" stansiyası yaxınlığında) Gürcüstan vətəndaşı, 37 yaşlı Azad Rəhimovla aralarında baş verən mübahisə zamanı "Prado" markalı avtomobildən "Makarov" markalı tapança ilə havaya beş atəş açan şəxsin Gürcüstan vətəndaşı Ədalət Çoban oğlu Çobanovun olması müəyyən edilib.

Rayon Polis İdarəsindən bildiriblər ki, Çobanovun barəsində axtarış elan olunub.

Hadisədən öncə onlar digər tanışları ilə birlikdə bir yerdə yeyib-içiblər. Sonradan Çobanov Rəhimova zəng vuraraq hadisə baş verən yerə çağırıb və orada onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Rəhimov hadisə yerindən metronun "Neftçilər" stansiyası istiqamətinə qaçarkən, "Prado" markalı avtomobildə olan Çobanov "Makarov" markalı tapançadan havaya beş dəfə atəş açıb.

Hadisənin baş vermə səbəblərinə gəlincə, polis idarəsindən əlavə ediblər ki, hadisə zamanı həmin şəxslər sərxoş vəziyyətdə olublar.

Çobanovun Rusiyada yaşadığı və bir müddət əvvəl Azərbaycana gəldiyi bildirilir. Hazırda Çobanovun tutulması üçün əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə (221.3-üç) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1-ci) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti