...

Azərbaycan parlamentinin deputatları ordudakı vəziyyətin araşdırılmasını istəyirlər

Siyasət Materials 28 Oktyabr 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları orduda mövcud olan vəziyyətin araşdırılmasını istəyirlər.

"Orduda təkcə əsgərlər arasında deyil, yüksək rütbəli zabitlərlə bağlı məsələ də araşdırılmalıdır" bu barədə parlamentin çərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Gülər Əhmədova bildirib.

Trend -un arayışı: Əsgərlərin döyülməsinə dair video-çəkiliş oktyabrın 4-də internetdə yayılıb. Yayımlanan video çarxlardakı görüntülərin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən hərbi hissəsində baş verdiyi məlum olub.

Daxili Qoşunların mətbuat xidməti zabitlər Vüqar Ağayev və Eldəniz Rəhimovun sıravi əsgərləri kütləvi şəkildə döydüklərinə görə həbs edildiklərini təsdiq edib.

Faktla bağlı cinayət işi açılıb və istintaq aparılır. Hərbi hissə komandiri və onun müavini tutduqları vəzifədən azad ediliblər.

Bundan sonra internetdə hərbi hissənin tibb məntəqəsində müalicə alan əsgərlərin "dembel"lər (hərbi xidmətinin başa çatmasına az qalmış əsgər) tərəfindən döydürüldüyü barədə görüntülər yayılıb. Hadisənin bu ilin fevral ayında Müdafiə Nazirliyinin Ələtdəki hərbi hospitalda baş verdiyi bildirilir. Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova işgəncə və "dedovşina" hallarının qarşısını almaq üçün orduya ictimai nəzarətin həyata keçirilməsini vacib sayır. "Hərbi hissələrə və cəzaçəkmə müəssisələrinə mütləq ictimai nəzarət həyata keçirilməlidir", - bazar ertəsi Trend -a ombudsman Elmira Süleymanova bildirib.

Deputat qeyd edib ki, orduda mövcud olan psixoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı addımlar atılmalıdır.

"Bu məsələ öyrənilməlidir. Orduda vəziyyətin aradırılması ilə bağlı format tapılmalıdır. Hesab edirəm ki, Nazirlər Kabinetinin bununla bağlı qərarı ola bilər" deyə deputat əlavə edib.

Müstəqil deputat Aynur Camalqızı isə bildirib ki, Müdafiə Nazirliyinin mətbuat xidməti orduda baş verən məsələlərə laqeyd yanaşır.

"Bu günlərdə Azərbaycan ordusunun əsgəri ermənilərə əsir düşüb. Müdafiə Nazirliyinin mətbuat xidməti isə bu məlumatın mətbuatdan eşitdiyini bildirib. Əsir əsgər məktub yazıb, sonra isə məlum olub ki, o ümumiyyətlə hərf tanımır və məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri yazıb. Bu isə bizim təhsilimizin vəziyyətini göstərən faktdır. Parlament bu məsələlərə münasibət bildirməlidir" deyə deputat qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti