...

Gürcüstanın azərbaycanlılar yaşayan  kəndlərində xristian xaçları ucaldılır

Siyasət Materials 23 Yanvar 2009 14:29 (UTC +04:00)
Gürcüstanın azərbaycanlılar yaşayan  kəndlərində xristian xaçları ucaldılır

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir K.Zərbəliyeva, E.Rüstəmov/ Gürcüstan azərbaycanlıları bu ölkənin azərbaycanlılar yaşayan kəndlərində xristian xaçlarının ucaldılmasından narahatdırlar.    

Gürcüstanın Kvemo-Kartli (Borçalı) vilayətindəki Bolnisi rayonunun, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Qoçulu və Kəpənəkçi kəndlərində Gürcüstan Patriarxatının yerli idarəsi 7-10 metr hündürlüyündə xaçlar ucaldıb.

"Gürcüstan azərbaycanlıları, əhalisi müsəlman olan kəndlərdə xaçların ucaldılmasını anlamır",  - cümə günü Trend -a Gürcüstandan telefonla Qoçulu kənd sakini Dünyamalı Kərəm deyib.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən Kvemo-Kartli (Borçalı) vilayətində təxminən 500 min azərbaycanlı yaşayır.

"Xaçlar kəndlərin görünən yerlərində ucaldılıb. Bununla gürcülər tarixi təhrif etmək, əvvələr bu ərazilərdə azərbaycanlılar yaşamadığını sübut etmək istəyirlər",  - kənd sakini bildirib.

Kəndlərdə yaşayan azərbaycanlılar Kvemo-Kartli (Borçalı) vilayətindən Gürcüstan parlamentinə seçilmiş deputat Azər Süleymanova vəziyyəti araşdırmaq üçün müraciət ediblər və hazırda rəsmi strukturların cavabını gözləyirlər.

Gürcüstanın Patriarx-Katolikosu II İlya yerli əhalinin narahatlığından xəbər tutan kimi, öz əməkdaşlarını müsəlman əhalinin yaşadığı yerlərdə xaçların ucaldılması məsələsinə ehtiyatla yanaşmağa çağırıb", -  Trend -a Tbilisidən telefonla Gürcüstan Patriarxatı yanında Dinlərarası Münasibətlər Mərkəzinin rəhbəri Lela Cecelava deyib.

"Gürcüstanda hər yerdə xaç ucaltmaq ənənəsi mövcuddur. Yerli yeparxiya Bolnisi kəndlərində xaçları ucaldarkən yerli azəri əhalisini incitmək fikrində olmayıb. Axı xaç yalnız xristianlıq deyil, həm də inam və məhəbbət simvoludur", - Cecelava qeyd edib.

Statistikaya əsasən, Gürcüstan əhalisinin əsas hissəsini (təxminən 70%) gürcülər təşkil edir. Ölkədə həmçinin ermənilər (380 min.), azərbaycanlılar (350 min.), ruslar (207 min.), osetinlər (150 min.), abxazlar (100 min.), yunanlar  (80 min.), kürdlər, assuriyalılar, udinlər, avarlar, kistinlər də yaşayır.

"Azərbaycanlı əhalinin yaşadığı ərazilərdə ucaldılan xaçlar sökülməsə, bu məsələ Azərbaycan parlamentində qaldırılacaq", - Trend -a Azərbaycan parlamentinin deputatı Nəsib Nəsibli bildirib.

Onun fikrincə, Gürcüstan hökumətində bəzi məmurlar orada yaşayan azərbaycanlıları dövlətçiliyə qarşı təhlükə kimi qəbul edirlər.

"1992-ci ildən etibarən Bolnisi rayonundakı azəri köklü inzibati-ərazi vahidlərinin bir çoxunun adları gürcü toponimlərilə əvəz edilib ki, buna da hansısa məntiqi anlam vermək mümkün deyil", - deputat vurğulayıb.

Nəsiblinin sözlərinə görə, gürcü hökuməti bu cür məsələlərə incə yanaşmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti