...

Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda keçiriləcək referendum və xarici radiostansiyaların yayımına qoyulan qadağa müzakirə edilib

Siyasət Materials 29 Yanvar 2009 14:37 (UTC +04:00)

Fransa, Strasburq, 29 yanvar / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin cümə axşamı keçirilən iclasında Azərbaycanda keçiriləcək referendum və ölkənin milli tezliklərində xarici radiostansiyaların yayımının qadağan olunması məsələləri müzakirə edilib.

"Monitorinq Komitəsi Azərbaycanda keçiriləcək referendumla bağlı Azərbaycan xalqının müstəqil və tam hüquqlu bir səlahiyyətinin olmasını bir daha gündəmə gətirdi. Qeyd edildi ki, bu, Azərbaycan xalqının demokratik seçimi əsasında təşkil olunacaq bir məsələdir. Heç bir təşkilat, heç bir qurum bu məsələ ilə bağlı Azərbaycana təyziq göstərə bilməz. AŞ və onun Venesiya Komissiyası yalnız və yalnız öz dəstəyini, köməyini və münasibətini verməyə hazırıdır", - Trend -un məlumatına görə, bu fikirləri AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Səməd Seyidov bu gün qurumun qış sessiyası çərçivəsində Monitorinq Komitəsinin (MK) iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Trend - un arayışı: Martın 18-də Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

İndiyədək referendum üzrə 14 təşəbbüs qrupu yaradılıb və yeddi qrup Mərkəzi Seçki Komissiyasına imza vərəqələrini təqdim edib.

Hakim Yeni Azərbaycan Partiyasının referendum üzrə "Yeni Azərbaycan" və "Şəhər" təşəbbüs qrupları MSK-da təbliğat qrupları kimi qeydiyyatda alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib. Referendumla bağlı seçici siyahıları fevralın 10-na qədər dəqiqləşdiriləcək və səsvermə gününə 35 gün qalmış seçki məntəqələrində asılacaq.

Seyidov deyib ki, həmməruzəçilər xarici radiostansiyaların milli tezliklərdə yayımının dayandırılmasını Azərbaycanda söz azadlığının və azad mətbuatın sıxışdırılması kimi təqdim etmək istəyiblər. Ancaq AŞ Monitorinq Komitəsi qərar verərək hesab edib ki, bu radiostansiyaların bağlanması AŞ-nın Azərbaycana tövsiyə etdiyi qanun əsasında baş verib.

"Azərbaycanın Milli Teleradio Şurası Avropa Şurasının tövsiyəsi əsasında yaradılıb. Və tövsiyə olunmuş bir qurumun qərarının qanuna zidd olması bir o qədər inandırıcı deyil. Azərbaycan nümayəndə heyətinin üzvləri bu fikirləri çatdırandan sonra Monitorinq Komitəsinin əksər ölkələrdən olan nümayəndələri dedilər ki, bəli, bizdə də xarici radiostansiyaların yayımına icazə yoxdur. Bunu başa düşərək bəzi insanlar tərəfindən təqdim olunmuş sənəd rədd olundu və qəbul olunmadı", - Seyidov əlavə edib.

Seyidov təəssüf edir ki,  qurumda bəzi qüvvələr Azərbaycan-AŞ münasibətlərinə xələl gətirmək istəyir.

"Bu, baş tutmayacaq. Ona görə ki, Azərbaycanın atdığı addımlar qanun çərçivəsindədir və bu addımlar AŞ tərfindən qəbul olunmuş qanun çərçivəsində həyata keçirilir", - vitse-prezident deyib.

Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçilər Andreas Herkel və xanım Yevqeniya Jivkova, Azərbaycan nümayəndə heyətinin üzvləri və Monitorinq Komitəsinin üzvləri çıxış ediblər.

Trend - un arayışı: Milli Televiziya və Radio Şurasının qərarı ilə, yanvarın 1-dən "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının Azərbaycanın milli tezliklərində yayımı dayandırılıb. Azərbaycanın "Televiziya və radio yayımı haqqında" Qanununa əsasən, xarici radiostansiyalar ölkənin milli tezliklərində yayımlana bilməz. Xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.

ABŞ Dövlət Departamenti, Avropa Şurası, ATƏT - in Bakı ofisi və digər beynəlxalq təşkilatlar Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılmasından narahatlıqlarını bildiriblər və MTRŞ-nı qərara yenidən baxmağa çağırıblar.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bu gün jurnalistlərə ABŞ-ın Beynəlxalq Yayım Bürosunun (BBG) "Amerikanın Səsi" və "Azadlıq" radiostansiyalarının yayımının bərpası ilə bağlı öz təkliflərini Azərbaycan tərəfinə təqdim etdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti