...

Azərbaycanın cənubunda Xəzər dənizi vasitəsilə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin qarşısı alınıb

Siyasət Materials 14 Fevral 2009 12:37 (UTC +04:00)
Azərbaycanın cənubunda Xəzər dənizi vasitəsilə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin qarşısı alınıb

Azərbaycan, Lənkəran, 14 fevral / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda Xəzər dənizi vasitəsilə İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən külli miqdarda narkotik vasitənin qarşısı alınıb.

Astara Rayon Polis Şöbəsindən (paytaxt Bakıdan 300 kilometr aralı) şənbə günü Trend -a verilən məlumata görə, cümə günü dəniz vasitəsilə İrandan külli miqdarda narkotik vasitələrin gətirilməsi və onun naməlum şəxslər tərəfindən avtomobillə daşınması ilə bağlı əməliyyat məlumatı daxil olub. Müvafiq əməliyyat qrupu rayonun sahilkənarı zolağında əməliyyata keçib.

Fevralın 13-də saat 04:00 radələrində Tofaş markalı 10 VN 861 nömrəli dövlət nişanlı avtomobildən düşən iki şəxs, sahildə gizlədilmiş 4 kisə narkotik vasitəni maşına yükləyərkən polis əməkdaşlarının avtobusunu görərək avtomobili onların üzərinə sürüblər. Polisin xəbərdarlıq atəşinə baxmayaraq, onlar sürəti daha da artıraraq avtomobili Lənkəran istiqamətində hərəkət etdiriblər.

Yollar palçıqlı olduğundan, avtomobil yolun kənarındakı ağaca dəyərək aşıb. Polislərin avtomobilə baxışı zamanı 4 kisədə və 40 bağlamada 40 kq həşiş götürülüb. Avtomobilin sürücüsü 1968-ci il təvəllüdlü Abbasov Abbas Fərman oğlu və 1961-ci il təvəllüdlü Həsənov Məhəmməd Qasım oğlu mərkəzi xəstəxanaya çatdırılıb. Həsənov yüngül bədən xəsarətləri aldığına görə, polis şöbəsinə gətirilib. Abbasovun vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.   

Faktla bağlı istintaq araşdırmaları davam edir.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu günlərdə keçirilən əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana 50 kiloqramdan artıq həşişin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti