...

Azərbaycanın İranla sərhəddə yerləşən ərazisində külli miqdarda narkotik vasitə satan şəxs saxlanılıb

Siyasət Materials 13 Mart 2009 10:57 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 13 mart / Trend , müxbir P. Əliyeva /

Azərbaycanın İranla sərhəddə yerləşən Yardımlı rayonunda (paytaxt Bakıdan 230 km cənub məsafədə) 2 kiloqram narkotik vasitə satan rayon sakini saxlanılıb.

Yardımlı rayon polis şöbəsinin rəisi Şamil Seyidov cümə günü Trend -a bildirib ki, polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də axşam saatlarında Zevin kənd sakini 30 yaşlı İmaşov Mais Vəkil oğlu rayon ərazisində 2 kiloqram narkotik vasitə olan tiryəki şərti alıcıya 3 min ABŞ dollarına satarkən tutulub. 

O, narkotikanı bir neçə gün bundan əvvəl İrandan gətirdiyini deyib. Yaşadığı evdə aparılan axtarış zamanı ona məxsus çantadan 35 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Yardımlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.2) maddəsi ilə cinayət işi başlanıb. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il hesabat dövründə qanunsuz dövriyyədən 651 kiloqram narkotik vasitə çıxarılıb.

Narkotika cinayətləri ilə bağlı ötən il 2007-ci illə müqayisədə 39,2 faiz çox - 394 fakt aşkarlanaraq, 312 nəfər məsuliyyətə cəlb olunub.

Cinayətlərin qurbanı olan 78 şəxs müəyyən edilib, 101 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib.

ABŞ Dövlət Departamentinin ötən illə bağlı yaydığı hesabatda deyilir ki, Azərbaycanda 2007-2008-ci illərdə narkotik istifadəçilərinin sayında və narkotik becərilməsində artım qeydə alınıb.

Hesabatda daha sonra Azərbaycandan narkotik tranzitinin istiqamətləri göstərilib - Orta Asiyadan keçməklə Xəzər dənizi üzərindən və ya İrandan quru yolla. Digər marşrut isə İrandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini birləşdirir. Bildirilir ki, narkotiklər Azərbaycandan Rusiyaya, oradan isə Şərqi və Mərkəzi Avropaya daşınır. Türkiyənin İranla sərhədə malik olması Azərbaycanın bu ölkə üzərindən keçən marşrutda da yer almasına səbəb olub.

Hesabatda narkotacirlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında bəzən toqquşmaların da olduğu xatırladılır. Məsələn, ötən il iyunun 3-də İranla sərhəddə baş vermiş belə toqquşma zamanı 1 narkotacir öldürülüb, 4-ü yaralanıb. Narkotik daşıyan qrupdan ABŞ-da istehsal olunmuş 2 gecə müşahidə cihazı və avtomat silah aşkarlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti