...

Türkiyənin Ermənistanla əlaqələr qurmaqla azərbaycanlı qardaşlarımızı küsdürdüyü üçün çox kədərliyəm – Türkiyənin istefada olan general-leytenantı

Siyasət Materials 9 Aprel 2009 16:17 (UTC +04:00)
Türkiyənin Ermənistanla əlaqələr qurmaqla azərbaycanlı qardaşlarımızı küsdürdüyü üçün çox  kədərliyəm – Türkiyənin istefada olan general-leytenantı

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir R.Hafizoğlu / 

Türkiyənin istefada olan general-leytenantı hesab edir ki, Türkiyə və Ermənistan arasında aparılan danışıqlar Azərbaycan-Türkiyə münasibətlərinin pozulmasına xidmət edir.

"Münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların heç birini doğru hesab etmirəm və Türkiyənin Ermənistanla əlaqələr qurmaqla azərbaycanlı qardaşlarımızı küsdürdüyü üçün çox kədərliyəm. Ankara-Yerevan danışıqları Azərbaycan-Türkiyə münasibətlərinin pozulmasına xidmət edir", - deyə istefada olan general-leytenant Ərməğan Kuloğlu cümə axşamı Ankaradan Telefonla Trend -a bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

"Ermənistan Türkiyənin üç əsas tələbinin heç birini də bu vaxta qədər yerinə yetirməyib. Türkiyənin şərtlərinin heç birinin qəbul edilməməyinə rəğmən Yerevanla hər hansı bir diplomatik əlaqələr qurması, sərhədlərini açması qəbuledilməzdir", - deyə Kuloğlu bildirib.

Kuloğlunun fikrincə, Türkiyədə hamı başa düşməlidir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməməsinə qədər və Türkiyəyə olan ərazi və saxta "soyqırım" iddialarından əl çəkilməyənə qədər Ankaranın Yerevanla dialoq istəyi heç bir müsbət nəticə verməyəcək.

O hesab edir ki, bu gün Türkiyənin əsas hədəfi türk dünyası ilə əlaqələrin qurulması olmalıdır və Ankara bu istiqamətdə addım atmalıdır.

"Türk dünyası ilə olan əlaqələrin inkişaf etdirilməsindən bəzi dövlətlər, xüsusən də Rusiya və Qərb dövlətləri razı deyillər", - deyə Kuloğlu bildirib.

Kuloğlunun fikrincə, həm Türkiyə, həm də Azərbaycan dövlətləri bu məsələyə həssas yanaşmalı və birgə fəaliyyət göstərməlidirlər.

"Hesab edirəm ki, Azərbaycan və Türkiyə dövlətlərinin bu məsələni birgə müzakirə etmələri, Ankaranın Ermənistanla münasibətinə yenidən baxması üçün faydalı olar", - deyə o, əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti