...

Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqından sonra mühafizənin təşkili üçün müraciətlərin sayı artıb - DİN-in generalı

Siyasət Materials 4 May 2009 12:36 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqından sonra mühafizənin təşkili üçün müraciətlərin sayı artıb - DİN-in generalı

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Dövlət Neft Akademiyasına olan silahlı basqından sonra mühafizənin təşkil olunması üçün Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə müraciətlərin sayı artıb, bazar ertəsi Trend -a eksklüziv açıqlamasında Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyev bildirib.

"İdarənin rayon şöbələrinə olunan müraciətlər sırasında ali təhsil müəssisələri də var. Həmin müəssisələrin mühafizəsi yüksək səviyyədə tərəfimizdən təmin olunacaq", - Quliyev vurğulayıb.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Mayın 1-də şübhəli şəxs qismində saxlanılan 1984-cü il təvəllüdlü Əliyev Nadir Şirxan oğlu Qədirov Fərda Əsəd oğlunun həmkəndlisi və onunla yaxın münasibətlərdə olub.

Mühafizənin təşkilinə gəlincə isə, Quliyev bildirib ki, həmin müəssisələr həm şəxsi heyət tərəfindən silahlı, həm də texniki imkanlar hesabına kompleks mühafizə olunacaq.

Generalın sözlərinə görə, silahlı basqın olan müəssisə tərəfindən hadisədən öncə Baş Mühafizə İdarəsinə mühafizənin təmin olunması ilə bağlı müraciət edilməyib.

Quliyev deyib ki, məlum hadisədən əvvəl Mühafizə İdarəsi bir neçə təhsil müəssisəsinin mühafizəsini həyata keçirir və bu müəssiisələr sırasında ali məktəblərin sayı çox azdır.

İdarə rəsmisi qeyd edib ki, Baş Mühafizə İdarəsi özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir və quruma edilən müraciətlərdən sonra mühafizə yüksək səviyyədə təşkil olunur.

"Dövlət qurumlarının mühafizəsi üçün etdiyi ödəniş Maliyyə Nazirliyi tərəfindən həmin qurumlara ayrılan vəsaitdən ödənilir", - İdarə rəisi əlavə edib.

Trend -un arayışı: Baş Mühafizə İdarəsi tərəfindən gün ərzində saat 8.00-dan 18.00-a kimi həyata keçirilən mühafizəyə görə, ay ərzində 900 manat ödəniş tələb olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti