Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan paytaxtında yeni istifadəyə verilən İstintaq Təcridxanasına çərşənbə axşamı ictimai baxış keçirilib.
Trend -un məlumatına görə, ictimai baxış zamanı Ədliyyə Nazirliyinin Cəzaların İcrası Müfəttişliyinin rəisi Malik Ələkbərov jurnalistlərə bildirib ki, 20 hektar ərazidə inşa olunan istintaq təcridxanası 2500 nəfər üçün nəzərdə tutulub. Təcridxana 9 korpusdan ibarət olacaq, hazırda isə onlardan 3-ü istifadəyə verilib. Təcridxanada ümumilikdə 1, 2, 4 və 6 nəfərlik olan 576 kamera, 38 nəfərlik isə cərimə kameraları var, hər məhkum üçün 4 kv.m-dən az olmayan sahə düşür.
Avropa standartlarına cavab verən təcridxanaya bu həftə ərzində Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan istintaq altında olan şəxslərin köçürülməsinə başlanacaq və proses 10 gün müddətində tamamlanacaq.
Təcridxananın digər korpusları istifadəyə veriləndən sonra ilin sonunda Şüvəlandakı 3 saylı İstintaq təsridxanasındakı şəxslərin də köçürülməsinə başlanacaq.
Hazırda 1 saylı təcridxanada 1200, 3 saylıda isə 1150 nəfər saxlanılır.
Bakı İstintaq Təcridxanasının ərazisində ilin sonunda qadın məhkumların saxlanılması üçün 350 nəfərlik cəzaçəkmə müəssisəsi, 150 nəfərlik tərbiyə müəssisəsi, Müalicə Müəssisəsi və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin binasının tikintisinə başlanılacaq.
İctimai baxışda respublikanın güc strukturları, hüquq-mühafizə orqanlarının nümayəndələri, diplomatik korpusun rəhbərləri, hüquq müdafiəçiləri, KİV nümayəndələri iştirak ediblər. Onlar Bakı İstintaq Təcridxanasının yeni binasında tibbi müayinə, sanitar hissə, kriminalistik qeydiyyat, təqsirli şəxslərin karantin, istintaq otaqları, mərkəzləşdirilmiş idarəetmə sistemi, cərimə təcridxanası və digər bölmələrlə tanış olublar.
Qeyri-Hökumət təşkilatların, beynəlxalq təşkilatların nümayəndələri təcridxanada yaradılan şəraiti yüksək qiymətləndirib və beynəlxalq standartlara uyğun inşa olunduğunu bildiriblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]