...

Respublika Prokurorluğu istintaqla bağlı məlumatları yayarkən KİV nümayəndələrini diqqətli olmağa çağırır

Siyasət Materials 9 İyun 2009 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Mətbuatda bu gün yayılmış "Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, keçmiş polis rəisi və daha bir neçə yüksək vəzifəli şəxs istintaqa cəlb olunub" başlıqlı məlumatda həqiqətə uyğun olmayan informasiyalar verildiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq 2003 və 2004-cü illərdə Gəncə şəhər sakini Şöhrət Quliyevin sifarişi ilə odlu silahla törədilmiş iki ağır cinayətin üstünün açılması barədə cari ilin may ayının 29-da birgə məlumat yayıb.

Məlumatda Bakıdakı "Sədərək" Ticarət Mərkəzində çilçıraq satışı ilə məşğul olan Bakı şəhər sakini Əhməd İbrahimov və Gəncə şəhər sakini Kamal Ələkbərovun qətllərinin Şöhrət Quliyev, İlham Şabanov və Mehman Qəhrəmanov tərəfindən törədildiyi və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir ki, iş üzrə intensiv istintaq-əməliyyat tədbirlərinin davam etdiyi bir vaxtda, qeyri-rəsmi mənbələrə istinadən bu gün mətbuatda Gəncə şəhərində bir neçə vəzifəli şəxsin istintaqa cəlb edilmələri barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

"Sensasiya xatirinə yazılmış həmin məlumat peşə etikasına riayət etmədən, real faktlara söykənmədən hazırlanıb və peşəkar jurnalistikanın nüfuzuna xələl gətirməklə cəmiyyətdə çaşqınlıq yaranmasına xidmət edir", - məlumatda vurğulanır.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidməti informasiyanı yayan mətbuat orqanının rəhbərliyinə xəbərdarlıq məktubu göndərib və mətbu orqanının əməkdaşlarından həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmasına son qoymaları tələb olunub.

Baş Prokurorluq bu kimi hallar təkrarlanmasın deyə bütün KİV nümayəndələrindən "Kütləvi informasiya vasitələri haqqında" və "İnformasiya azadlığı haqqında" qanunların, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən digər qanunvericilik aktlarının tələblərinə riayət etməklə gələcəkdə cinayət işlərinin istintaqına mane ola biləcək məlumatların yayılmaması üçün diqqətli olmalarını xahiş edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti