...

İsrailin İrana hücumu potensial təhlükə olaraq qalır

Siyasət Materials 7 İyul 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir T.Cəfərov /

İsrailin İrana hücumu reallığa uyğun olmasa da, bu hər zaman İran üçün real təhlükədir.

"ABŞ İranın nüvə proqramını dayandırmaq üçün Rusiyanı razı salmaq istəyir. Belə bir şəraitdə ABŞ müharibə təhlükəsini qabartmaqla Rusiyaya məsələnin ciddiliyini başa salmaq və bu ölkəni müzakirələrdə özü ilə həmrəy etmək istəyir", - Qlazqo (Glasgow) Universitetinin professoru, Londonda fəaliyyət göstərən iranlı ekspert Rza Tağızadə (Reza Taghizadeh) Trend -a bildirib.

İyulun 6-da ABC televiziyasındakı "This Week" adlı proqramda çıxış edən ABŞ-ın vitse-prezidenti Co Bayden bildirmişdi ki,"İsrailin təhlükə hesab etdiyi İranla necə davranacağına biz qərar verə bimərik". Amerika Birləşmiş Ştatları Dövlət Depatamentinin mətbuat katibi Yan Kelli İsrailin təhlükəsizliyinin vacib olduğunu və İranın nüvə proqramından narahat olduqlarını ifadə edib.

İyulun 7-də Obama rusiyalı həmkarı ilə görüşündə bildirib ki, Rusiya İranın nüvə proqramının dayandırılması ilə bağlı ABŞ-a yardım etməlidir.

Tağızadənin fikrincə, ABŞ Prezidenti Barak Obamanın Rusiyada səfərdə olduğu bir vaxtda Baydenin çıxışı İsrailin İrana hücumundan da böyük məqsədlərə xidmət edir. "Əslində ABŞ rəsmiləri "İsrail kartından" Rusiyanı razı salmaq üçün istifadə edirlər. İsrailin İrana hücum təhlükəsi olmasa da, ABŞ bu vasitədən Rusiyanı sıxışdırmaq məqsədi ilə istifadə edir", -deyə Tağızadə çərşənbə axşamı Londondan telefonla bildirib.

Baydenin bəyanatı ilə yanaşı, Misirin İsrailin sualtı gəmisinə Süveyş kanalından keçməyə icazə verməsi və Təl-Əvivin ABŞ-da hərbi hava təlimləri keçirməsi İrana hücum ehtimalını medialarda aktual mövzuya çevirib.

Lakin Təl-Əviv Universitetində İranşünaslıq mərkəzinin direktoru David Menaşrinin (David Menashri) fikrincə, İranda baş verən hadisələr (prezident seçkilərindən sonrakı iğtişaşlar) ölkəni süquta aparır və İsrailin İrana hücum etməsinə ehtiyac yoxdur. "İran hakimiyyətinin nüfuzu, legitimliyi tamamilə aradan qalxıb və daha əvvəlki gücə malik deyil. Əminliklə deyə bilərəm ki, radikal hakimiyyət tamamilə zəifləyib və belə bir halda İsrailin İrana hücumuna ehtiyac yoxdur", - Menaşri  Trend -a  bildirib.

Trend -un arayışı: İranda iyunun 12-də keçirilən prezident seçkilərində hazırkı Prezident Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Hadisələrdə 1032 nəfər həbs olunub, 20 nəfər həlak olub.

Londonda Yrosevik Tədqiqat Mərkəzinin (Urosevic Research Foundation of London) sədri Piruz Müctəhidzadə isə hesab edir ki, İsrail İrana qarşı hücum etmək iqtidarında deyil. "İsrail çox yaxşı bilir ki, belə bir addımın atılması böyük müharibəyə səbəb olacaq və İsrail təhlükə ilə üzləşəcək", - deyə Müctəhidzadə Trend -a bildirib.

Müctəhidzadə Co Baydenin çıxışının reklam xarakterli olduğunu deyib.

İranın Xarici İşlər Nazirliyi Qərb ölkələrini, xüsusilə də Böyük Britaniyanı 12 iyunda keçirilən prezident seçkilərindən sonra ölkədə gərginlik yaratmaqda və İranın daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti