...

ABŞ türkləri erməni diasporuna qarşı kampaniyaya başlayıblar

Siyasət Materials 2 Dekabr 2009 16:31 (UTC +04:00)
ABŞ-ın Türk İcması erməni diasporunun provokasiya xarakterli fəaliyyətinə qarşı kampaniyaya başlayıblar.
ABŞ türkləri erməni diasporuna qarşı kampaniyaya başlayıblar

ABŞ, Vaşinqton, 02 dekabr / Trend , müxbir N.Boqdanova/

ABŞ-ın Türk İcması erməni diasporunun provokasiya xarakterli fəaliyyətinə qarşı kampaniyaya başlayıblar.

Türkiyə-ABŞ Şurası rəsmi Vaşinqtona və ABŞ-da yaşayan bütün türklərə Konqresə təzyiq göstərmək xahişi ilə müraciət edib. Təşkilat qeyd edir ki, eməni icmasının ekstremist üzvləri Türkiyə və Ermənistan arasındakı yaxınlaşmanı pozmağa çalışır.

Erməni icmasının üzvləri Türkiyəni Osmanlı imperiyasının hakimiyyəti dönəmində ermənilərə qarşı soyqırım törətməkdə təqsirləndirən qətnaməni gözdən keçirməyə təkid edirlər.

Türk İcması öz üzvlərindən və tərəfdarlarından Konqres üzvləri ilə əlaqə yaradaraq regionda sülhün müdafiəsinə qalxmağa, yalan təqsirləndirmələr və antitürk bəyanatlara qarşı çıxış etməyi xahişi edib.

Türk İcmasının nümayəndələrinin sözlərinə görə, Azərbaycan diasporunun nümayəndələri onlara kampaniyanın həyata keçirilməsində dəstək göstərib və böyük kömək ediblər.

"Bir çox azərbaycanlı bizimlə əlaqə saxlayaraq bu problemin həll edilməsində Konqresə təzyiq göstərmək istədiklərini bildiriblər", - icma nümayəndəsi deyib. Türk diasporu həmçinin bəyan edib ki, ABŞ-ın erməni icması Türkiyə və Ermənistan əlaqələrinin normallaşmasına qarşı çıxış edir.

Diplomatik əlaqələri olmayan Türkiyə və Ermənistan oktyabr ayının 10-da Sürixdə "Dilomatik əlaqələrin qurulması haqqında Protokol" və "İkitərəfli əlqaələrin inkişafı haqqında Protokol" imzalayıblar. Protokollar qüvvəyə minmək üçün hər iki parlamentdə ratifikasiya edilməlidir.

ABŞ erməniləri göstərirlər ki, imzalanmış protokollara əsasən 1915-ci il faktının araşdırılması üzrə xüsusi komissiya yaradılacaq. Onların fikrincə, bu qərar tarixdə soyqırım faktını şübhə altına salan taktiki hərəkətdir.

ABŞ türkləri hesab edirlər ki, ermənilər regionda işğal siyasətini dəstəkləməklə yanaşı, regional əməkdaşlığa da mane olurlar. Diaspor nümayəndələri deyirlər ki, bu məsələləri Türkiyə-Ermənistan dialoqları çərçivəsində yüksək səviyyəyə qaldırmaq niyyətindədirlər.

Dekabrın 7-də ABŞ-a səfər edəcək Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə görüşündə Türkiyə-Ermənistan protokollarının imzalanmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları müzakirə etməyi planlaşdırır. Türkiyə bir daha Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadıqca Ermənistanla əlaqələrin normallaşmasına dair protokolları ratifikasiya etməyəcəyini ABŞ və dünya ictimaiyyətinə bəyan etmək niyyətindədir.

Ərdoğan və Obamanın müzakirə mövzularından biri də "Nabukko" qaz kəməri layihəsi olacaq.

Xəbər lenti

Xəbər lenti