...

Azərbaycan Baş Prokurorluğu qəsdən adamöldürmə cinayətində ittiham olunan şəxs barəsində çıxarılan bəraət hökmü ilə razı deyil

Siyasət Materials 12 Mart 2010 17:47 (UTC +04:00)
Məhkəmənin hökmü işin faktiki hallarına uyğun olmadığına və bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 401.1.2-ci maddələrinin tələbləri pozulduğuna görə, həmin hökmdən apelyasiya protesti hazırlanır.
Azərbaycan Baş Prokurorluğu qəsdən adamöldürmə cinayətində ittiham olunan şəxs barəsində çıxarılan bəraət hökmü ilə razı deyil

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş Prokurorluğu qəsdən adamöldürmə cinayətində ittiham olunan şəxs barəsində çıxarılan bəraət hökmü ilə razı deyil.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend -a verilən məlumata görə, 19 iyun 2008-ci il tarixdə Tərtər rayon sakini Fuad Allahverdiyevin, həyətyanı sahəsində yonca biçərkən qonşusu Fərman İsmayılovla məişət zəminində aralarında baş vermiş mübahisə zamanı onun sifətinə yumruqla zərbələr endirərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qəsdən döyməsi, həmçinin Fərman İsmayılovun döyülməsini eşidib hadisə yerinə gələn sonuncunun qardaşı Rafiq İsmayılova qarşı qərəzli hərəkətlərini davam etdirməklə özündə olan dəryazla hədələyərək xüsusi amansızlıqla, azyaşlı qardaşı uşaqları Nəriman və Nicat İsmayılovların gözləri qarşısında heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə dəryazla həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vuran və kəskin qanitirməyə səbəb olan sinə nahiyəsinə bədən xəsarəti yetirməklə Rafiq İsmayılovu qəsdən öldürməsi faktı üzrə başlanmış cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilib.

Aparılmış istintaqla Fuad Allahverdiyevin törətdiyi əməllər təkzibolunmaz dəlillərlə sübuta yetirilərək, 19 may 2009-cu il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 132-ci maddələri ilə ittiham elan edilmiş və iş üzrə istintaq başa çatdırılaraq cinayət işi 27 may 2009-cu il tarixdə baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdi.

Məhkəmə istintaqı zamanı Fuad Allahverdiyevin Rafiq İsmayılovu qəsdən öldürməsi tədqiq edilmiş sübutlarla bir daha təsdiq edilmiş və dövlət ittihamçısı yekun nitqində Fuad Allahverdiyevə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını təklif etmişdi.

Məhkəmənin hökmü işin faktiki hallarına uyğun olmadığına və bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 401.1.2-ci maddələrinin tələbləri pozulduğuna görə, həmin hökmdən apelyasiya protesti hazırlanır.

Məhkəmənin 10 mart 2010-cu il tarixli hökmü ilə Rafiq İsmayılovun öz ehtiyatsızlığı üzündən dəryazın üstünə yıxılaraq xəsarət alması qənaətinə gəlinərək, Fuad Allahverdiyevə Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli olmadığına görə bəraət verilib, Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə isə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xəbər lenti

Xəbər lenti