...

Prezident İlham Əliyev: Bugünkü Azərbaycan - dünyada böyük hörmətə malikdir

Siyasət Materials 21 Mart 2010 00:50 (UTC +04:00)
Prezident İlham Əliyev şənbə günü Novruz bayramı ilə əlaqədar düzənlənmiş ümummilli şənliklərdə çıxış edərək qeyd etmişdir ki, Novruz bayramı bizim sevimli bayramımızdır, xalqımız əsrlər boyu bu gözəl bayramı öz qəlbində yaşatmışdır və bütün dövrlərdə Azərbaycan xalqı Novruz bayramını çox geniş şəkildə qeyd etmişdir
Prezident İlham Əliyev: Bugünkü Azərbaycan - dünyada böyük hörmətə malikdir

Prezident İlham Əliyev şənbə günü Novruz bayramı ilə əlaqədar düzənlənmiş ümummilli şənliklərdə çıxış edərək qeyd etmişdir ki, Novruz bayramı bizim sevimli bayramımızdır, xalqımız əsrlər boyu bu gözəl bayramı öz qəlbində yaşatmışdır və bütün dövrlərdə Azərbaycan xalqı Novruz bayramını çox geniş şəkildə qeyd etmişdir. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yaymışdır.

Əvvəlki illərdə, Azərbaycan müstəqil olmayan dövrdə bu bayram ancaq evlərdə, ailələrdə qeyd olunurdu. Buna baxmayaraq, bu bayram hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayırdı, bu gün də yaşayır və əbədi yaşayacaqdır, - İlham Əliyev əlavə etmişdir.

Bu il Novruz bayramı, eyni zamanda, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. "Bu da böyük qələbəmizdir, böyük uğurumuzdur və onu göstərir ki, artıq beynəlxalq aləm bu bayramı qeyd edir. Arzu edirəm ki, bu gözəl Bahar bayramı bütün Azərbaycan xalqına sevinc gətirsin, xoşbəxtlik gətirsin. Biz öz uğurlu siyasətimizi bundan sonra da davam etdirəcəyik", - Prezident bəyan etmişdir.

Onun sözlərinə görə, ölkəmiz, tariximiz, bugünkü nailiyyətlərimiz haqqında dünyada da artıq kifayət qədər geniş məlumatlar vardır. "Bu gün Azərbaycan dünyada böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi nəticəsidir. Xarici siyasətin əsas məqsədləri ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirmək və Azərbaycanın milli maraqlarını maksimum dərəcədə müdafiə etməkdir. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı və hörmət üzərində qurulmuş münasibətlərin davam etdirilməsini arzulayırıq. Bunu etmək üçün praktiki addımlarımızı atırıq. Biz bütün ölkələrə hörmətlə yanaşırıq. Əlbəttə ki, Azərbaycanın seçdiyi yol, bizim apardığımız siyasət də eyni dərəcədə hörmətlə qarşılanmalıdır. Biz bu gün bunu görürük. Biz müstəqil ölkədə yaşayırıq. Bu, bizim ən böyük dəyərimizdir, ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Biz xoşbəxtik ki, bu müstəqilliyi görürük və nəinki görürük, müstəqilliyin möhkəmlənməsi üçün öz səylərimizi qoyuruq. Əsrlər boyu əcdadlarımız müstəqillik həsrətində yaşamışlar. Azərbaycan xalqı müxtəlif dövrlərdə başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır. Müstəmləkə şəklində yaşamışdır. Yəni biz özümüz öz taleyimizi həll edə bilmirdik. Bu gün isə Azərbaycan dünya miqyasında özünü təqdim edir. Biz nəinki müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, Azərbaycan xalqının milli maraqlarına uyğun siyasət aparırıq və bundan sonra da aparacağıq" - İlham Əliyev demişdir.

Prezident hesab edir ki, müstəqilliyin möhkəmləndirilməsi üçün çox işlər görülüb və hələ çox işlər də görülməlidir. "Biz iqtisadi cəhətdən potensialımızı tam şəkildə işə sala bilmişik. Heç kimdən asılı deyilik. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha da yaxşı yaşayırıq. Bunu görmək üçün sadəcə olaraq Azərbaycanın reallıqlarına qərəzsiz nəzər salmaq lazımdır. Azərbaycan o ölkədir ki, son altı ildə dünyada öz daxili imkanları hesabına lider dövlətdir. O ölkədir ki, onun iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə bütün MDB məkanında birinci yerdədir. O ölkədir ki, iqtisadi və siyasi islahatlar aparmaqla mövqelərini bölgədə möhkəmləndiribdir və bizim təsir imkanlarımız genişlənir. Bizim iştirakımız, razılığımız olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə - istər siyasi, istər iqtisadi - reallaşa bilməz. Bunu biz öz zəhmətimiz hesabına, aparılan siyasətlə və atılan addımlarla özümüz yaratmışıq. Bizim siyasətimiz ləyaqətli, açıq və cəsarətli siyasətdir. Bu siyasətin əsas məqsədi ölkəmizi daha da gücləndirmək və ölkə qarşısında duran bütün problemləri həll etməkdir" - Prezident əlavə etmişdir.

Onun sözlərinə görə, qarşımızda duran ən vacib, ən əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. "Bu istiqamətdə müəyyən addımlar atılıb və bu gün danışıqlar prosesində Azərbaycanın mövqeləri daha da güclüdür. Bu mövqelərin gücləndirilməsində, əlbəttə ki, diplomatik səylərimizin rolu vardır. Eyni zamanda, Azərbaycanda gedən quruculuq və inkişaf prosesləri, ölkəmizin güclənməsi əlbəttə ki, danışıqlar prosesində də mövqelərimizi böyük dərəcədə möhkəmləndiribdir. Biz bu gün iqtisadi cəhətdən bölgənin ən inkişaf etmiş ölkəsiyik və bizdə olan inkişaf başqa ölkələrlə müqayisə oluna bilməz" - dövlət başçısı demişdir.

"Bütün bu amillər danışıqlarda mövqelərimizi möhkəmləndirir və hələ ki, biz danışıqlar prosesinə ümidliyik, biz gərək bu səyləri davam etdirək. Biz münaqişənin həlli üçün bu gün həlledici mərhələdəyik. Demək olar ki, danışıqların əsas hissəsi prinsip etibarilə başa çatıbdır. Təqdim olunan təkliflər deyə bilərəm ki, bütövlükdə müəyyən kiçik istisnalarla Azərbaycanın maraqlarını, Azərbaycanın ərazi bütövlüyünü, işğal edilmiş bütün rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edir. Beləliklə, hesab edirik ki, əgər qarşı tərəf konstruktivlik nümayiş etdirərsə və təklif edilmiş variantla razılaşarsa, biz məsələnin həlli işində daha da sürətlə addımlaya bilərik" - İlham Əliyev qeyd etmişdir.

Prezidentin sözlərinə görə, biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. "Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Bütün kommunikasiyalar açılmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda yaşamalıdırlar. Bu status nədən ibarət olacaq, onu gələcək göstərər. O gələcək ki, sabah da, yüz ildən sonra da ola bilər və olmaya da bilər. Yəni, Dağlıq Qarabağa Azərbaycandan kənarda statusun verilməsi qətiyyən qəbuledilməzdir. Bu bizim prinsipial mövqeyimizdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, Azərbaycan onu heç vaxt tanımayacaqdır. Bizim tanımadığımız qurum dünya tərəfindən də tanınmayacaqdır" - İlham Əliyev demişdir.

Prezident hesab edir ki, məsələnin həlli üçün bu gün yaxşı imkanlar vardır. "Azərbaycan həm öz diplomatik səylərini gücləndirir, həm də danışıqlarda konstruktiv mövqe nümayiş etdirir, bununla bərabər, imkanlarını səfərbər edib özünü gücləndirir. Bu güclənmə iqtisadi sahədə, siyasi sahədə, hərbi sahədə özünü büruzə verir. Biz bunu gizlətmirik. Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilibdir. Bu təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra, əlbəttə ki, bu qədər böyük müdafiə xərclərimizə ehtiyac olmaz. Bu gün isə buna böyük ehtiyac vardır. Biz müdafiə xərclərimizi ildən-ilə artıracağıq, ordumuzu gücləndirəcəyik, yeni silahlar alacağıq, elə edəcəyik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının əmrini istənilən anda qısa müddət ərzində icra edə bilsin. Bu, bizim suveren hüququmuzdur, bu işdə heç kim bizə məsləhət verə bilməz" - o əlavə etmişdir.

Dövlət başçısının sözlərinə görə, biz artıq iyirmi ilə yaxındır ki, müstəqil həyat yaşayırıq. "Müstəqilliyimizin ilk illəri bizim üçün çox ağır və çətin olmuşdur. Biz sadəcə olaraq, öz gücümüzə arxalanaraq, ulu öndər Heydər Əliyevin siyasətini icra edərək bugünkü reallıqlara öz hesabımıza, heç bir yerdən yardım və məsləhətlər almadan nail ola bilmişik. Bu gün isə Azərbaycan həm siyasi, həm iqtisadi sahədə mütərəqqi islahatların aparılması ilə güclü dövlətə çevrilibdir. Əgər bizə hansısa məsləhət lazım olarsa, biz lazımi ünvana müraciət edərik. Amma yersiz məsləhətlərə ehtiyac yoxdur. Bizim daxili işlərimizə müdaxilə etmək istəyənlər çoxdan başa düşməlidirlər ki, bu səylər əbəsdir, bunun heç bir səmərəsi olmayacaqdır. Ancaq bir nəticəsi ola bilər ki, bizim işimizə müdaxilə etmək istəyənlərlə Azərbaycan arasında münasibətlər gərginləşə bilər. Biz istənilən münasibətlərə hazırıq. Biz istəyirik ki, bütün ölkələrlə münasibətlərimizi dostluq, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında quraq. Heç kimin daxili işlərinə qarışmırıq, heç kimi tənqid etmirik. Baxmayaraq ki, bəzi hallarda tənqid etmək üçün kifayət qədər əsaslar vardır. Əlbəttə, gözləyirik ki, bizə də eyni münasibət olsun. Ona görə də, istəmirəm ki, vəziyyət gərginləşsin və biz kiminləsə məsələləri çox ciddi və gərgin şəkildə həll etməyə başlayaq" - İlham Əliyev bəyan etmişdir.

"Bu gözəl bayram günündə bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedir. Bu yol demokratiya, inkişaf, tərəqqi, azadlıq və suverenlik yoludur. Biz bu yolda bütün dostlarımızla irəliyə getməyə hazırıq. Ancaq biz işimizə ləkə vurmaq, müdaxilə etmək istəyənlərlə bu yolu gedə bilmərik. Biz öz hesabımıza yaşayırıq, yaxşı da yaşayırıq. Bundan daha da yaxşı yaşayacağıq. Bütün bu uğurların təməlində Azərbaycan xalqının iradəsi, qətiyyəti, istedadı dayanır. Bu gün, bu əziz gündə bütün Azərbaycan xalqına üz tutub deyirəm ki, mən ölkənin Prezidenti kimi, bundan sonra da Azərbaycanın müstəqil siyasətini aparacağam, bu yoldan dönməyəcəyəm. Azərbaycanın uğurlu gələcəyini təmin etmək üçün biz bundan sonra da bərabər çalışmalıyıq" - o əlavə etmişdir.
Prezident Azərbaycan xalqını bir daha ürəkdən təbrik edib, hər bir Azərbaycan ailəsində bu günlərdə sevinc və bayram yaşanmasını arzu edimişdir. "Nəinki bu günlərdə, ümumiyyətlə, həmişə bütün Azərbaycan xalqı bu gözəl imkanlardan - sabitlik, inkişaf, azadlıq, quruculuq, abadlıq, gözəllik - istifadə etsin. Arzu edirəm ki, Azərbaycan xalqı həmişə sevinsin, həmişə uğurlarımız bizi sevindirsin və biz inamla və uğurla irəliyə gedək. Bayramınız mübarək olsun" - deyə Prezident İlham Əliyev öz nitqini bitirmişdir.

Xəbər lenti

Xəbər lenti