...

İşğalçı Ermənistan beynəlxalq qurumların Dağlıq Qarabağla bağlı qətnamələrinə məhəl qoymur – spiker Oqtay Əsədov

Siyasət Materials 22 Aprel 2010 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Hüseynbala/

İşğalçı Ermənistan beynəlxalq qurumların Dağlıq Qarabağla bağlı qərar və qətnamələrinə məhəl qoymur, - Trend-in məlumatına görə, bunu Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov İndoneziya Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

"Dinamik inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı problemi var. İşğalçı Ermənistan beynəlxalq qurumların məsələ ilə əlaqədar qərar və qətnamələrinə məhəl qoymamaqda davam edir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq", - Əsədov deyib. Məlumatı Milli Məclisin mətbuat xidməti yayıb.

Spiker nüfuzlu beynəlxalq təşkilatlarda bu münaqişənin müzakirəsi zamanı İndoneziyanın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini yüksək qiymətləndirərək, İndoneziya hökumətinə və xalqına öz minnətdarlığını bildirib.

"Görüşdə qeyd edilib ki, bu günədək ölkələrimiz arasında beş sənəd imzalanıb. 20-dən çox sənəd üzərində iş aparılır. Azərbaycan İndoneziya ilə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafını əhəmiyyətli hesab edir. Zəngin neft və qaz yataqlarına malik Azərbaycanla İndoneziya arasında iqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş imkanlar var", - məlumatda əlavə olunur.

Parlamentin spikeri dövlətlərarası münasibətlərdə parlamentlərin xüsusi rol oynadığını diqqətə çatdırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

"Milli Məclisdə dünyanın 70-dək ölkəsi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İndoneziyanın qanunvericilik orqanı ilə də əməkdaşlıq üzrə belə bir qrup yaradılıb. Deputatlarımız müxtəlif beynəlxalq qurumlarda tez-tez görüşür, təcrübə və informasiya mübadiləsi aparırlar", - Əsədov xatırladıb.

Pramono Anunq Vibovo keçirdiyi görüşlərin əhəmiyyətini yüksək qiymətləndirərək təmsil etdiyi ölkənin Azərbaycanla həyatın müxtəlif sahələrində əməkdaşlıq etməyə böyük maraq göstərdiyini vurğulayıb. Sədr müavini qeyd edib ki, vaxtilə separatizmdən əziyyət çəkmiş İndoneziya Azərbaycanın Dağlıq Qarabağ problemini yaxşı başa düşür və bu məsələnin həllində ölkəmizin mövqeyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.

Görüşdə parlamentlərarası əlaqələrin, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional münaqişələrin həll yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti