Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Türkiyədəki keçmiş səfiri Zakir Həşimovun ölkədəki fəaliyyətinin sona çatması, Qazaxıstana fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə Qazaxıstanın Türkiyədəki səfiri Bağdad Amrayev Ankaradakı "Rixos" otelində vida ziyafəti verib.
Ziyafətdə hökumət və dövlət nümayəndələri, millət vəkilləri, səfirlik nümayəndələri, soydaşlar iştirak edib. Məlumatı səfirliyin mətbuat xidməti yayıb.
İlk olaraq Amrayev çıxış edərək, Qazaxıstanla Azərbaycan arasındakı dostluq əlaqələrindən bəhs edib, Həşimovun Türkiyədəki müvəffəqiyyətli fəaliyyətinin davamının Qazaxıstanda da olacağına əminliyini bildirib, məsul və şərəfli işində uğurlar diləyib.
Həşimov öz çıxışında bir dost ölkədən başqa bir dost ölkəyə getdiyini söyləyərək, Türkiyədəki fəaliyyəti zamanı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə aid olan bütün məsələlərdə dəstəyini əsirgəməyən Türkiyə dövlətinə və hökumətinə təşəkkürünü bildirib. Türkiyəyə qarşı olan məhəbbət və hörmətinin daima ürəyində olacağını bildirən səfir vida ziyafətini həyata keçirən Qazaxıstan səfirinə minnətdarlığını bildirib.
Sonuncu olaraq Türkiyə Prezident Aparatının baş katibi Mustafa İsen Türkiyə-Azərbaycan-Qazaxıstan dostluğundan, tarixindən bəhs edərək, türkdilli ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.