Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Cəfərov/
İran Azərbaycan vətəndaşlarının bu ölkədə vizasız qalma müddətinin uzadılması məsələsini müzakirəyə çıxaracaq. Bu barədə İran Prezidenti Aparatının İqtisadi məsələlərə nəzarət şöbəsinin rəhbəri, vitse-prezidentin müavini Əli Ağa Məhəmmədi bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddətinin 15 gündən 1 aya uzadılması ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq, səfərdən qayıtdıqdan sonra, Tehranda bu məsələni hökumətdə müzakirəyə çıxarıb, Azərbaycan vətəndaşları üçün İranda qalma müddətinin vaxtının artırılmasını təmin edəcəyik", - Ağa Məhəmmədi bildirib.
İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və 2010-cu ilin fevralın 1-dən etibarən, İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.