...

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Siyasət Materials 12 Oktyabr 2010 12:44 (UTC +04:00)
Xəzəryanı ölkələrin prezidentlərinin sammiti noyabrın 18-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin toplantısında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB-2) (FOTO)

RED. əlav.: Azərbaycan xarici işlər naziri müavininin sözləri əlavə olunub

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Xəzəryanı ölkələrin prezidentlərinin sammiti noyabrın 18-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin toplantısında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, dövlət başçılarının Bakı sammitindən öncə Tehranda xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüş olacaq.

Bazar ertəsi Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin razılaşdırılması üzrə iclası başlayıb.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

"Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin bugünkü görüşündə Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin razılaşdırılması üzrə danışıqlar aparılacaq", - Xələfov iclasın açılışında deyib.

"Saziş artıq ikinci ildir ekspertlərin müzakirəsindədir və bu vaxt ərzində müəyyən işlər görülüb", - nazir müavini əlavə edib.

Onun sözlərinə görə, layihə Xəzəryanı ölkələrin dövlət strukturları arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq mexanizminin yaradılmasına istiqamətlənib.

"Ekspertlər səviyyəsində görüş və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması üzərində iş digər sahələrdə əməkdaşlıq üçün yaxşı nümunə ola bilər", - Xələfov deyib.

Xəbər lenti

Xəbər lenti