Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif Ümid Partiyası bu il ərzində qurultay keçirməyi planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə partiyanın sədri İqbal Ağazadə bildirib. Onun sözlərinə görə, hazırda rayon təşkilatlarında qurultaya hazırlıq işləri gedir.
2002-ci ildə keçirilən III Qurultay zamanı partiya Vətəndaş Birliyi Partiyası (VBP) ilə birləşib və İqbal Ağazadə sədr seçilib.
Müxalif Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları da bu il qurultay keçirməyi planlaşdırır.
Ağazadə qeyd edib ki, 2011-ci ildə təşkilatlanma işini gücləndirməyi planlaşdırırlar.
"Təşkilatlanmanın yeni mərhələsi üçün plan hazırlamışıq və hazırda həmin planın müzakirəsi aparılır. Yaxın günlərdə plan partiya üzvlərinə təqdim olunacaq", - partiya sədri əlavə edib.
O, bildirib ki, təşkilatlanmada yeni metodlar da tətbiq olunacaq. "Tam fərqli şəkildə təşkilatlanmanı planlaşdırırıq. İndiyə qədər Azərbaycanda tətbiq olunmayan metodlardan istifadə olunacaq. Lakin hələ ki proqram təsdiq olunmayıb, ona görə də indidən onu açıqlamağı lazım bilmirəm", - Ağazadə bildirib.
Ümid Partiyası Milli Məclisdə 1 nümayəndə ilə təmsil olunur.