...

Hakim partiya Avropa Komissiyası sədrinin Azərbaycana səfərini yüksək qiymətləndirib

Siyasət Materials 14 Yanvar 2011 20:14 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Avropa Komissiyasının sədrinin ölkəmizə səfərini yüksək qiymətləndirib.
Hakim partiya Avropa Komissiyası sədrinin Azərbaycana səfərini yüksək qiymətləndirib

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Azərbaycanın hakim partiyası Avropa Komissiyasının sədrinin ölkəmizə səfərini yüksək qiymətləndirib.

"Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir. Məlumdur ki, Aİ "Şərq tərəfdaşlığı" proqramı, eləcə də qonşuluq prinsipi əsasında Cənubi Qafqaz dövlətləri, o cümlədən Azərbaycanla ikitərəfli əməkdaşlıq edir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verir", - Trend-in məlumatına görə, bunu cümə günü hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı partiyanın rəsmi saytına açıqlamasında bildirib.

Avropa Komissiyası sədrinin Azərbaycana səfərinə münasibət bildirən Qurbanlı qeyd edib ki, səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycanla Aİ-nin perspektiv əməkdaşlığı baxımından önəmlidir. O bildirib ki, ölkəmizin həm geosiyasi, həm də iqtisadi vəziyyəti bölgədə mövqelərimizi daha da möhkəmləndirib.

"Aİ Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyəti getdikcə artır", - o deyib.

Qurbanlının sözlərinə görə, Aİ ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif səviyyələrdə inkişaf etməkdədir.

YAP icra katibinin müavini qeyd edib ki, hazırda Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi məsələsi də gündəmə gəlib.

"Bu məsələ ilə bağlı hüquqi baxımdan bəzi addımlar atılıb. Perspektivdə viza rejiminin tam aradan qaldırılması mümkündür. Aİ bir qayda olaraq iqtisadi imkanları olan ölkələrlə viza rejimini aradan qaldırır. Azərbaycanın iqtisadi imkanlarının artması Aİ-nin ölkəmizlə münasibətdə viza rejiminin qaldırılması zərurətini ortaya qoyur. Çünki hər iki tərəf bundan divident əldə edəcək", - Qurbanlı əlavə edib.

Dünən Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalayıblar. Cümə günü Barrozunun Azərbaycana səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti