Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir A.Tağıyeva/
Misir hökumətinin  müxalifətlə  danışıqları  uğurla başa çatmayacaq və arzuolunan nəticələrə gətirib çıxarmayacaq. Trend-in  məlumatına görə, Misir parlamentinin keçmiş üzvü Ayman Nur belə hesab  edir.
"Biz danışıqların müsbət sonluqla başa çatacağına ümid etmirik", - Misir müxalifətinin liderlərindən olan Nur Qahirədən telefonla Trend-ə bildirib.
Misirdə son onilliklərin ən irimiqyaslı hökumət əleyhinə nümayişlərindən biri keçirilir. Ölkənin müxtəlif şəhərlərində minlərlə adam prezident Hüsnü Mübarəkin istefası və parlamentin buraxılması tələbi ilə küçələrə çıxıb. Ən azı 160 nəfər iğtişaşların qurbanı olub, dörd mindən artıq insan yaralanıb.
Mübarək sentyabrda keçiriləcək növbəti prezident seçkilərində altıncı dəfə namizədliyini irəli sürməyəcəyinə dair milli televiziya vasitəsilə bəynat verib.
Bazar günü, fevralın 6-da  Misirdə hakimiyyətlə müxalifət arasında ölkədə kütləvi üsyanın başlamasından  bəri ilk dəfə danışıqlar keçirilib. Danışıqlarda əsas tələb prezident Hüsnü  Mübarəkin istefası olub. Görüşdə Misirdə fəaliyyəti qadağan olunmuş "Müsəlman  qardaşlar" müxalifət qruplaşmasının üzvləri də iştirak  ediblər.
Nurun sözlərinə görə, hökumət bu danışıqların köməyi ilə növbəti seçki müddətinə qədər vaxtı uzatmağa çalışır.
"Bu, hökumətin hakimiyyətdə qalmaq üçün növbəti planıdır", - o, bildirib.
Nur onu da qeyd edib ki, müxalifət və Misir xalqı heç bir şərtlə öz məqsədlərindən dönməyəcək. "Məqsədimiz Mübarək hakimiyyətinin devrilməsinə nail olmaqdır", - o, deyib.
