...

GUAM XİN Şurası iclasının keçirilmə tarixi açıqlanıb

Siyasət Materials 16 Fevral 2011 16:23 (UTC +04:00)
GUAM Xarici İşlər Nazirləri Şurasının iclası fevralın 24-də Kiyevdə keçiriləcək. Bu barədə Trend-ə təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib.
GUAM XİN Şurası iclasının keçirilmə tarixi açıqlanıb

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir E.Tariverdiyeva/

GUAM Xarici İşlər Nazirləri Şurasının iclası fevralın 24-də Kiyevdə keçiriləcək. Bu barədə Trend-ə təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib.

"GUAM Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə siyasi fəaliyyət, sahə əməkdaşlığı və institusional-təşkilati məsələlər daxil ediləcək", - Trend-ə Kiyevdən telefonla Çeçelaşvili bildirib.

Onun sözlərinə görə, bu görüşdə Ukrayna GUAM-dakı sədrliyini Moldovaya təhvil verəcək.

Baş katibin sözlərinə görə, buna uyğun olaraq, sədrin təşkilatın fəaliyyəti haqqında hesabatı dinləniləcək və Moldovanın sədrlik planının proqramı təsdiq ediləcək.

"Nazirlər GUAM formatında əməkdaşlığın inkişafına siyasi qiymət verəcək və gələcək prioritetləri müəyyənləşdirəcəklər", - o qeyd edib.

Çeçelaşvilinin sözlərinə görə, GUAM konkret layihələr baxımından getdikcə daha çox sürət yığır.

"GUAM-ın Yaponiya ilə birgə turizm məhsulunun hazırlanması və tətbiqi, mənim qiymətləndirməyimə görə, 2010-cu ildə özünün tarixi həddi - 4 milyard dollara çatan GUAM ərazisində azad ticarət zonası, mütəşəkkil cinayətkarlıqla mübarizədə yeni üsullar və metodlar kimi layihələri - bunların hamısı birlikdə GUAM-ın çərçivəsində əməkdaşlığı yeni məzmunda tamamlayır", - o bildirib.

Baş katibin sözlərinə görə, bu, təşkilatın qazandığı potensialın materiallaşdırılmasına kömək edir və daha fəal siyasi fəaliyyətə xidmət edir.

"Yeni sədrə konkret planlar təqdim olunacaq və mən GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında fəal müzakirələr gözləyirəm. Katiblik nazirlərdən onları tam həcmdə həyata keçirməyə və yeni sədrə onların rellaşdırılmasında kömək etməyə çalışmaq üçün yeni göstərişlər gözləyir", - Çeçelaşvili qeyd edib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti