...

Ağcabədi rayonunda 100 faiz qazlaşdırma aparılmalıdır - Prezident İlham Əliyev (FOTO)

Siyasət Materials 7 May 2011 01:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Ağcabədi-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin açılışından sonra Qaradolaq kəndi ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məlumatı Prezidenti rəsmi saytı yayıb.
Ağcabədi rayonunda 100 faiz qazlaşdırma aparılmalıdır - Prezident İlham Əliyev (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Ağcabədi-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin açılışından sonra Qaradolaq kəndi ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məlumatı Prezidenti rəsmi saytı yayıb.

Kənd sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev mərasimə toplaşanları salamlayaraq dedi:

- Təbrik edirəm. Gözəl yol çəkilib.

Sakin: Cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Allah köməyiniz olsun. Siz Azərbaycanın bayrağını zirvələrə qaldırmısınız. Azərbaycanımızın bayrağı həmişə uca olsun. Kəndimizin camaatı adından Sizə minnətdarlığımızı bildiririk. Buraya gəlməklə bizi şərəfləndirmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Hörmətli Prezidentimiz, bu işlərin təşəbbüskarı Sizsiniz. Siz əhali ilə görüşür, təkliflərini dinləyir, təşəbbüslərin həyata keçirilməsi üçün tapşırıqlar verirsiniz. Biz Sizə minnətdarıq. Bu büsata, bu gözəl işlərə kəm baxanların gözləri kor olsun. Kefimiz kök, damağımız çağ yaşayırıq. Sizin sayənizdə heç nədən korluğumuz yoxdur.

Prezident İlham Əliyev: Yol həyat, inkişaf deməkdir. Bütün bölgələrdə kənd yolları çəkilir. Bu yol da gözəl yoldur. Bir neçə kəndi birləşdirir.

Sakin: Gəlişinizi eşitdik, sevincimizin həddi-hüdudu yoxdur. Gözəl bir gündür, toy-bayramdır bizim üçün. Allah Sizə uzun ömür, cansağlığı versin. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Daha da çox işlər görəcəyik. Göstəriş vermişəm ki, bütün kəndlərə qaz xətləri çəkilsin. Ağcabədi rayonunda 100 faiz qazlaşdırma aparılmalıdır. İçməli su layihəsi, suvarma ilə bağlı bütün məsələlər həllini tapmalıdır. O ki qaldı kənd yollarına, gələcək mərhələlərdə biz kəndləri abadlaşdıracaq, yollar çəkəcəyik. Elə etməliyik ki, gediş-gəliş rahat olsun. Çünki bu yol torpaq yol olmuşdur. Heç vaxt bu yola asfalt vurulmamışdır. İndi görün gediş-gəliş üçün nə gözəl yoldur.

Sakin: Cənab Prezident, Siz Ağcabədi torpağına, Qaradolaq kəndinə xoş gəlmisiniz. Biz Sizə güvənirik. Ağcabədi camaatı Sizin fəaliyyətinizi yüksək qiymətləndirir. Sizin Ağcabədiyə gəlişinizi çoxdan arzulayırdıq. Allah bizi arzumuza çatdırdı. Sevincimizin həddi-hüdudu yoxdur. Bizim 30 kilometrlik yolu indi 10 kilometrlə əvəz etmisiniz. Rahatlıq üçün bundan gözəl nə ola bilər?! Sizin daxili, xarici siyasətinizi Ağcabədi camaatı bəyənir və dəstəkləyir. Nəyə görə? Ona görə ki, Sizin bütün fəaliyyətiniz ölkəmizin inkişafına, rifahımızın yüksəlməsinə yönəlmişdir. Bir daha Sizə cansağlığı, xoşbəxtlik arzulayırıq.

Sakin: Hörmətli Ali Baş Komandan, mənim bir neçə kəlmə sözüm var. Şanlı və şərəfli, şöhrəti bütün dünyaya sığmayan, XX əsrin türk dünyasının böyük öndəri, xalqımızın xilaskarı, Azərbaycan Respublikasının qurucusu, yaradıcısı ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına, Azərbaycan gəncliyinə böyük bir əmanət qoyub getmişdir. Nədir bu əmanət? Azərbaycanı yaşatmaq, Azərbaycanı qurmaq, dünyada tanıtdırmaq. Bu gün Siz Azərbaycanı bütün sahələrdə - idman, səhiyyə, təhsil, quruculuq sahələrində tanıtmısınız. Azərbaycan xalqı, o cümlədən Ağcabədi camaatı Sizə minnətdardır. Camaatımız yol sarıdan əziyyət çəkirdi. İndi bizim rahat yolumuz vardır. Buna görə də biz Sizə minnətdarıq, təşəkkürümüzü bildiririk.

Prezident İlham Əliyev: Sağ olun. Bütün məmurlar yaxşı işləməlidirlər. Ağcabədi rayonunda aparılan quruculuq-abadlıq işləri məni sevindirir. Çox şadam ki, burada işlər yaxşı gedir, böyük işlər görülür. Rayonlar, kəndlər abadlaşır, sosial məsələlər öz həllini tapır. Belə olan halda əlbəttə ki, həm rayon inkişaf edəcək, həm ölkəmiz də qabağa gedəcək. Bu gün Ağcabədidə həm sosial, həm də iqtisadi məsələlər öz həllini tapır. Böyük süd kompleksləri tikilir. Orada yüzlərlə yeni iş yerləri açılır. Məktəblər tikilir, xəstəxana tikiləcək, böyük xəstəxananın təməl daşı qoyulacaqdır. Parklar salınır, olimpiya kompleksləri tikilir, kənd yolları çəkilir, yəni bütün şərait yaradılmalıdır. Hər bir rayonda, xüsusilə Ağcabədi kimi böyük rayonda bütün bu işlər lazımi səviyyədə aparılmalıdır. Kənd yollarının tikintisi isə bundan sonra da davam edəcəkdir. Biz çalışmalıyıq ki, bütün kəndləri belə gözəl yollarla birləşdirək. Sizə cansağlığı, uğurlar arzulayıram.

Sakin: Biz ən xoşbəxt adamlarıq ki, Prezidentimiz gəlib işlərimizlə maraqlanır. Bu yolu saldırdığınıza görə Sizə uzun ömür, cansağlığı arzu edirik.

Prezident İlham Əliyev: Deməli, qazlaşdırma bütün kəndlərdə gələn ilin sonuna qədər bitməlidir. O ki qaldı su layihəsinə, o da icra olunacaqdır. Bu məsələlər çox vacibdir - qaz, işıq, su, suvarma və yol. Xəstəxana tikiləcək, yəqin ki, bir ilə, il yarıma istifadəyə veriləcəkdir. Sosial obyektlərin, məktəblərin tikintisinə dair proqramımız, planlarımız vardır. Biz bu proqramı icra edəcəyik.

Sakin: Mən kənd məktəbinin müəllimləri adından burada çıxış edirəm. Bu il bizim üçün təzə məktəb tikilib, artıq istifadəyə verilib. Bunun üçün Sizə təşəkkür edirik. Çox gözəl, çox layiqlidir. Biz müəllimlər də çalışacağıq ki, bütün biliyimizi Azərbaycanın gəncliyi yolunda sərf edək. Sizin göstərişinizlə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı görülən işlər bizi sevindirir. Bunun üçün Sizə təşəkkür edirik. Biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri, Azərbaycan xalqı Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun. Mən məktəbin şəklini gördüm, çox gözəl məktəbdir.

Sakin: Hər bir şəraiti vardır.

Prezident İlham Əliyev: Kənd üçün gözəl məktəbdir. Daha nə lazımdır?

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

Kənd sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti