...

Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi tezliklə Bakıya səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Sentyabr 2011 17:33 (UTC +04:00)
Bu yaxınlarda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilən Filip Lefort sentyabrın 4-5-də tanışlıq məqsədilə Bakıya səfərə gələcək.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi tezliklə Bakıya səfər edəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Y.Ostapenko/

Bu yaxınlarda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilən Filip Lefort sentyabrın 4-5-də tanışlıq məqsədilə Bakıya səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Bakı nümayəndəliyindən xəbər verilib.

Gözlənilir ki, səfər zamanı Lefort Azərbaycan Prezidenti, Xarici İşlər Nazirliyinin nümayəndələri, müdafiə naziri, parlamentin spikeri və parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri ilə görüşlər keçirəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib ki, Aİ Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycan ilə əməkdaşlığa böyük əhəmmiyyət verir.

"Əminəm ki, öz təcrübəsi və region barədə dərin bilikləri sayəsində səfir Lefort dövlət strukturları, ölkənin ictimai birliyi ilə əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verməklə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə regional əməkdaşlığın inkişafına və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək", - Kobia deyib. Trend-in məlumatına görə, bu barədə təşkilatın bəyanatında belə deyilir.

Fransalı diplomat Filip Lefort avqustun 26-da təyin edilib və bu vəzifədə Pyer Moreli (Aİ-nin Orta Asiya və Gürcüstandakı böhran üzrə səfiri) və Piter Semnebini (Aİ-nin Cənubi Qafqaz üzrə səfiri) əvəz edib. Lefortun mandatı 2012-ci il iyunun 30-dək olan dövrü əhatə edəcək.

Filip Lefort 20 ildən artıq təcrübəyə malik fransalı diplomatdır. O, karyerasının böyük hissəsini Qafqaza və Rusiyaya həsr edib, Fransanın Gürcüstandakı səfiri (2004-2007-ci illər) olub, eləcə də Fransanın Rusiyadakı səfirinin müavini (2007-2010-cu illər) vəzifəsində çalışıb. 2010-cu ildən Fransa XİN-in Baş Kontinental Avropa Direktorluğunun rəhbəri olub.

"Lefort Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndə postuna ideal namizəddir və onun təyinatı Aİ-nin bu həssas regionda rolunun artmasına imkan verəcək", - bir müddət əvvəl Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton təyinatı şərh edərkən bildirib.

Avropa diplomatik xidmətinin rəhbəri Lefortun çoxillik iş təcrübəsini və onun regionun dərindən tanıdığını qeyd edib.

Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vəzifəsi Semnebinin mandatının müddəti başa çatdıqdan sonra, fevral ayından boş qalıb.

Yeni xüsusi nümayəndənin öhdəliklərinə hökumətlər, parlamentlər, digər əsas oyunçularla, regiondakı məhkəmə sisteminin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə əlaqələrin yaradılması, ümumi maraq kəsb edən regional mövzularla bağlı əməkdaşlığın təşviqi daxildir.

Təhlükəsizlik təhdidləri, terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə, münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun dinc yolla nizamlanmasına yardım həmin sahələr sırasındadır.

Xəbər lenti

Xəbər lenti