...

Fərhad Abdullayev: Qaçqınların zəbt etdiyi mənzillərin sahiblərinin seçki hüquqları ilə bağlı problemlər yaranır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Sentyabr 2011 16:46 (UTC +04:00)
Seçki prosesində məhkəmələrin iştirakı çox vacibdir.
Fərhad Abdullayev: Qaçqınların zəbt etdiyi mənzillərin sahiblərinin seçki hüquqları ilə bağlı problemlər yaranır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Seçki prosesində məhkəmələrin iştirakı çox vacibdir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslarda çıxışı zamanı Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev deyib.

"İnsan hüquq və azadlıqlarının müdafiəsi müasir dünyanın aktual məsələlərindən biridir. Seçki prosesində məhkəmələrin iştirakı çox vacibdir. Biz məhkəmələrin, o cümlədən Avropa Məhkəməsinin qərarlarına müraciət etdikdə görürük ki, konkret iş üzrə qərarda qeyd olunub ki, məhkəmə seçki prosesində seçkilərin qanuni aparılmasına öz təsirini göstərir", - Abdullayev deyib.

KM sədrinin sözlərinə görə, məhkəmənin mövqeyi sonuncu mərhələdir.

"Təcrübədə görünür ki, seçki prosesi əvvəldən axıradək məhkəmələrin müdaxilələri ilə müşayiət olunur. Seçki prosesində müəyyən problemlər ortaya çıxır", - Abdullayev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər təcrübəli, seçki hüququ ilə məşğul olan insanlar, MSK üzvləri var.

KM seçkilərin nəticələrini yoxlayıb təsdiq edən orqandır.

Abdullayevin sözlərinə görə, Konstitusiya Məhkəməsi indiyədək seçkilərlə bağlı 19 qərar qəbul edib.

"Qərarlar qəbul edərkən müvafiq qurumlardan bütün sənədləri tələb edirik. DSK-ların protokollarında qanunsuzluqlar aşkar edilmirsə, həmin dairələr üzrə nəticələri təsdiq edirik. Bizə çoxsaylı şikayətlər daxil olub. Biz onları yoxlamaq üçün MSK-ya, prokurorluq orqanlarına və məhkəmələrə göndərmişik. Vətəndaşların hüquqi bilikləri az olduğundan, bilmirlər ki, KM faktların hüquqiliyini yoxlamır", - KM sədri deyib.

Onun sözlərinə görə, seçki hüququ ilə bağlı Avropa Məhkəməsində müxtəlif dövlətlərdən şikayətlər kifayət qədər çoxdur.

"İnsanlar öz seçki hüquqlarının müdafiəsində israrlıdırlar. Ona görə də biz hamımız bu işlərdə daha ciddi, daha dəqiq olmalıyıq. Qanunlara əməl olunmalıdır", - o çıxışında deyib.

Abdullayevin sözlərinə görə, Avropa Məhkəməsinin qaçqınların vətəndaşların mülkiyyətini zəbt etməsi ilə bağlı 3 qərarı var və bu qərar bizim üçün mütləq xarakter daşıyır.

"Qaçqınlar tərəfindən zəbt olunmuş mənzillərin sahiblərinin seçki hüquqları ilə bağlı da problemlər yaranır. Bununla bağlı seçki prosesi zamanı yaranan problemləri icra hakimiyyəti səviyyəsində həll etmək lazımdır. Bu problemi həll edərkən mülkiyyətçinin də hüquqları pozulmamalıdır", - Abdullayev əlavə edib.

Azərbaycanda bu ilin sonunda boş qalan bələdiyyələrə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti