Azərbaycan, Bakı, 17 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısı kompleksin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, regionun ən böyük olimpiya idman komplekslərindən biri olan bu idman mərkəzi 2002-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılmışdı. O vaxtdan başlayaraq bu kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilib. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılıb. Buradan aydın görünür ki, ölkəmizdə bütün idman qurumlarının bir yerdə fəaliyyət göstərməsi uğurlu nəticənin əldə olunmasının əsas səbəblərindən biridir. Bu sırada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmançılara olan diqqəti də nəzərdən qaçmır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti bu sahədə ölkəmizin ciddi uğurlar qazanması ilə müşayiət olunur. Bir sözlə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olub və nailiyyətin təməlində ölkəmizdə idmana olan yüksək münasibət dayanır.
Azərbaycan Prezidenti voleybol zalına və hovuza baxdı, ikinci mərtəbədəki konfrans zalında yaradılmış şəraitlə tanış oldu.
Qeyd edildi ki, kompleksdə yenidənqurma işlərinə 2008-ci ildən başlanılıb. Sahəsi 8 min kvadratmetr olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılıb. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir. İdman zalları gələcəkdə burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. İdman və sağlamlıq üçün bütün infrastrukturun yaradıldığı Olimpiya Kompleksində hər biri 800 kvadratmetr olmaqla hovuz və SPA mərkəzi, 240 kvadratmetr sahədə isə trenajor zalı yaradılmış və zəruri idman avadanlığı quraşdırılıb.
Yenidənqurma işləri nəticəsində kompleksin ərazisində 1400 kvadratmetr sahəni əhatə edən akvapark yaradılıb. Bütün əyləncə növlərinin olduğu bu kompleksdə restoran və boulinq zalı da fəaliyyət göstərəcək. Konfrans zalının, internet klubun da yaradıldığı Şəki Olimpiya İdman Kompleksinin tərkibinə 1500 kvadratmetr sahəsi olan otel bölməsi də daxildir. Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılıb. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar var. Otel də daxil olmaqla bu kotteclər Şəkidə təşkil olunan yarışlarda iştirak etməyə gələn idmançıların qalması və istirahəti üçün nəzərdə tutulub. Kompleksdə uşaqların da idman növləri ilə məşğul olmaları üçün bütün şərait var. Burada balacalar üçün 380 kvadratmetrlik uşaq əyləncə binası da tikilib. Kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, dünyada özünün sürətli iqtisadi inkişafı ilə fərqlənən Azərbaycan həm də nəhəng idman mərkəzinə çevrilməyi qarşıya məqsəd qoyub. Bu məqsədə nail olmaq yolunda atılan addımlar isə öz bəhrəsini verir.
Dövlətimizin başçısı, həmçinin idmançıların, eləcə də xarici qonaqların qalması üçün burada yaradılan otaqlara, kotteclərə və uşaqlar üçün əyləncə və istirahət mərkəzinə baxdı.
Bildirildi ki, buradakı "Karvan" restoranında nümunəvi xidmət göstəriləcək.
Prezident İlham Əliyev yenidənqurma işlərindən razılığını bildirdi.