Azərbaycan, Bakı, 4 yanvar /Trend/
Türkiyənin Fransadakı səfiri yaxın günlərdə Parisə qayıdacaq. Buna səbəb Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutan qanun layihəsinin qəbuluna qarşı lobbiçilik etməkdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "dpa" agentliyi Türkiyənin Fransadakı səfirliyinə istinadən xəbər verir.
"O, dörd-beş gündən sonra qayıdacaq və bu qanun layihəsinin Senatda qəbulunu dayandırmağa çalışacaq", - səfirliyin nümayəndəsi Engin Solakoğlu bildirib.
Dekabrın 22-də Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu, Türkiyə tərəfinin kəskin reaksiyasına səbəb olub, nəticədə Ankara öz səfirini bu ölkədən geri çağırıb və Parislə hərbi əməkdaşlığı dayandırıb.
Solakoğlunun sözlərinə görə, əgər Fransa Senatı bu qanun layihəsini qəbul edərsə və onu qanun edərsə, ölkələr arasında münasibətlər daha da pisləşəcək.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.
Bir müddət əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Nikola Sarkozini bu qanunu qəbul etməklə Fransadakı nüfuzlu erməni icmasının hissləri ilə oynamaqda və bu il keçiriləcək parlament və prezident seçkilərində ermənilərin səsini qazanmaq istəməkdə ittiham edib.