...

İlham Əliyev Niderland Krallığının infrastruktur və ətraf mühit nazirini qəbul edib

Siyasət Materials 7 Mart 2012 16:55 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Niderland Krallığının infrastruktur və ətraf mühit nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, xanım Melanie Schultz van Haegen-Maas Geesteranus Niderlandın Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. Niderlandlı nazir ölkəsinin Bakıda, Azərbaycanın isə Haaqada səfirliyinin fəaliyyət göstərməsinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi. Nazir iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğuladı.

Dövlətimizin başçısı Niderland Krallığının infrastruktur və ətraf mühit nazirinin iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi və səfərin ölkəmizi yaxından tanımaq üçün qonaqlara yaxşı fürsət yaradacağını dedi. Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə keçirdiyi görüşləri və əməkdaşlığımızın inkişaf etdirilməsinə dair səmərəli müzakirələr apardığını xatırladı.

Dövlətimizin başçısı səfirliklərin fəaliyyətə başlamasından sonra ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən su təsərrüfatı, infrastruktur, ekologiya, nəqliyyat və digər sahələrdə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Niderland Krallığı Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş etdi

Xəbər lenti

Xəbər lenti