...

Bakıda Xorvatiyanın konsulluğu açıldı

Siyasət Materials 13 Mart 2012 14:13 (UTC +04:00)
Xorvatiyanın Azərbaycanda konsulluğunun fəaliyyətə başlaması hər iki xalq arasında dostluq və əməkdaşlığın daha da inkişafına şərait yaradacaq.
Bakıda Xorvatiyanın konsulluğu açıldı

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir S.Ağayeva/

Xorvatiyanın Azərbaycanda konsulluğunun fəaliyyətə başlaması hər iki xalq arasında dostluq və əməkdaşlığın daha da inkişafına şərait yaradacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı konsulluğun açılış mərasimində çıxışı zamanı Xorvatiya Prezidenti İvo Yosipoviç deyib.

Bu gün Xorvatiyanın Bakıda konsulluğu açılıb.

Açılış mərasimində Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç iştirak ediblər.

Xorvatiya Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç konsulluğun əməkdaşları və Azərbaycanda yaşayan Xorvatiya icmasının nümayəndələri ilə görüşüblər.

Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Xorvatiya Prezidenti qeyd edib ki, Bakıda konsulluğun açılması ölkələrimizin iqtisadi əlaqələrinin də inkişafına təkan verəcək.

Sonra Prezident İvo Yosipoviç "Xorvatiya Respublikasının konsulluğu" sözləri yazılmış lövhənin üzərindən örtüyü götürüb.

Xorvatiya dövlətinin başçısı diplomatik missiyanın fəaliyyətə başlamasını təsdiq edən sənədi fəxri konsul Kənan Məmmədova təqdim edib.

Daha sonra Prezident İvo Yosipoviç konsulluqda yaradılan şəraitlə tanış olub. Ali qonağa məlumat verilib ki, konsulluğun binası 7 inzibati və bir neçə yardımçı otaqdan ibarətdir. Konsulluqda ilk mərhələdə 8 əməkdaşın çalışması nəzərdə tutulub və burada onlar üçün hər cür şərait yaradılıb.

Sonra ali qonaq və xanımı "Bakı" futbol komandasında oynayan xorvat futbolçularla da görüşərək səmimi söhbət edib.

Xəbər lenti

Xəbər lenti