...

Prezident İlham Əliyev: Azərbaycanın paytaxtı 2020-ci ilin Olimpiya oyunlarının keçirilməsi üçün bütün imkanlara malikdir (FOTO)

Siyasət Materials 13 Mart 2012 23:46 (UTC +04:00)
Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib və bu müraciətə baxılır. Mən hesab edirəm ki, ölkəmizin paytaxtı Bakı Olimpiya oyunlarının keçirilməsi üçün də bütün imkanlara malikdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Astara Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı deyib.
Prezident İlham Əliyev: Azərbaycanın paytaxtı  2020-ci ilin Olimpiya oyunlarının keçirilməsi üçün bütün imkanlara malikdir (FOTO)

Azərbaycan, Bakı, 13 mart / Trend /

Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib və bu müraciətə baxılır. Mən hesab edirəm ki, ölkəmizin paytaxtı Bakı Olimpiya oyunlarının keçirilməsi üçün də bütün imkanlara malikdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Astara Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı deyib.

"Bizim gözəl infrastruktur imkanlarımız vardır. İnsanların Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə böyük dəstəyi vardır. Beynəlxalq qurumlar tərəfindən keçirilmiş rəy sorğuları da bunu göstərir. Ölkə vətəndaşlarının 95 faizi Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə öz dəstəyini vermişdir. Bizim kifayət qədər idman qurğularımız vardır. Tikilməkdə olan, tikilmiş və nəzərdə tutulan böyük idman qurğuları. Artıq bu məsələ də gündəlikdədir. Bizim gözəl idmançılarımız, idman uğurlarımız vardır" İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, ölkəmizdə müxtəlif beynəlxalq yarışların keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib.

"Azərbaycanda istənilən beynəlxalq idman yarışının keçirilməsi mümkündür. Avropa, dünya çempionatlarının keçirilməsi artıq bizim yaxşı ənənəmizdir və bütün bu böyük yarışlar yüksək səviyyədə keçirilir. Bu amili və bütövlükdə ölkəmizin uğurlu inkişafını nəzərə alaraq Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət etmişdir və bu müraciətə baxılır" Prezident çıxışında deyib.

İlham Əliyev deyib ki, bu Olimpiya İdman Mərkəzində idmanla məşğul olmaq üçün bütün şərait vardır.

"Mən vaxtilə Olimpiya Mərkəzinin inşası ilə bağlı göstəriş vermişdim. Ondan sonra Astarada olarkən tikintinin gedişi ilə tanış olmuşdum. Keçən il də mən Astarada idim. Bu gün bu gözəl, möhtəşəm Olimpiya Mərkəzinin açılışında biz bərabər iştirak edirik. Əminəm ki, Astara idmançıları və Astara sakinləri bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər. Çünki burada bütün şərait vardır. Gözəl idman zalları, açıq meydançalar, üzgüçülük hovuzu, trenajor zalları - bir sözlə, artıq Astarada da gözəl, müasir Olimpiya Mərkəzi yaradılıbdır. İdmana Azərbaycanda çox böyük diqqət göstərilir. Bizim dövlət siyasətimiz də idmanın inkişafına yönəldilibdir. Azərbaycan dövlətinin idmana münasibətini görmək üçün sadəcə olaraq uğurlarımıza fikir vermək kifayətdir. Son illər ərzində idmançılarımız bütün beynəlxalq yarışlarda böyük qələbələr qazanırlar. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında milli bayrağımız dalğalanır. Bu, çox sevindirici haldır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır. Bu il Azərbaycanda "İdman ili" elan edilibdir. Bu da çox gözəl göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dövləti idmanın inkişafına nə qədər diqqət yetirir. "İdman ili" çərçivəsində müxtəlif tədbirlər keçiriləcəkdir. Ancaq bu il ilk istifadəyə verilən olimpiya idman kompleksi Astara Olimpiya İdman Mərkəzidir" dövlət başçısı bildirib.

İlham Əliyev əminliklə bildirib ki, bu il idmançılarımız bizi yenə də öz uğurları ilə sevindirəcəklər.

"Bu il Olimpiya oyunları ilidir. İdmançılarımız bu oyunlara çox fəal hazırlaşırlar və ümid edirik ki, Olimpiya oyunlarında da bizim böyük uğurlarımız olacaqdır. Belə fikirləşməyə əsas verən bizim əvvəlki dövrlərdə Olimpiya oyunlarındakı çıxışlarımızdır. İldən-ilə Olimpiya oyunlarında medalların sayı artır və Azərbaycan idman dövləti kimi özünü dünyaya, dünya idman ictimaiyyətinə təqdim edir" dövlət başçısı çıxışında söyləyib.

İlham Əliyev bildirib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə təmin edilir.

"Ölkəmizdə hökm sürən sabitlik, ictimai-siyasi asayiş Olimpiya oyunlarının keçirilməsi üçün də mühüm amil kimi özünü göstərir. Bir sözlə, biz Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq və deyə bilərəm ki, bizim bu istəyimiz, eyni zamanda, ölkəmizin gücünü göstərir. Biz sadəcə olaraq 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Bu 20 il ərzində Azərbaycan böyük və şərəfli yol keçibdir. İstənilən sahədə biz böyük uğurlara nail ola bilmişik. Biz iqtisadi sahədə dünyada misli görünməmiş inkişafı yaşayırıq və bu, bütün statistik göstəricilərdə özünü əks etdirir" Prezident qeyd edib.

İlham Əliyevin sözlərinə görə, ölkəmizdə sosial məsələlərin həlli çox uğurla aparılır.

"Sosial infrastrukturun yaradılması prosesi uğurla gedir. Biz bunu Astara rayonunun timsalında görə bilərik. Astarada son illər ərzində 20-dən çox məktəb tikilibdir. Bu gün biz Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Gözəl, möhtəşəm Olimpiya Mərkəzi yaradılıbdır, kənd yolları qaydaya salınır. Yəni, Azərbaycanda sosial məsələlərin həlli də çox müsbət istiqamətdə inkişaf edir. Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. İyirmi il müstəqillik dövründə Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş və inamlı dost kimi təqdim edə bilmişdir. Məhz bunun nəticəsidir ki, dünya birliyi, dünya ictimaiyyəti Azərbaycana böyük etimad göstərərək bizi BMT Təhlükəsizlik Şurasına üzv seçdi. 155 ölkə gənc, ancaq qüdrətli və müstəqil Azərbaycan dövlətinə öz səsini verdi. Bu, beynəlxalq müstəvidə əldə edilmiş ən böyük uğurdur. Bu uğur bir də onu göstərir ki, bizim xarici siyasətimiz düzgün siyasətdir. Bizim xarici siyasətimiz həm ölkənin maraqlarının təmin edilməsi üçün aparılır, eyni zamanda, ölkəmizin beynəlxalq imici də çox müsbətdir. Əks təqdirdə 155 ölkə bizə səs verməzdi. Bir sözlə, bu 20 il ərzində ölkəmizdə istənilən sahədə böyük nailiyyətlər vardır. Biz haqlı olaraq bu nailiyyətlərdən danışırıq. Ancaq, eyni zamanda, bizim bütün gələcək fikirlərimiz gələcək inkişafa istiqamətləndirilib. Biz əlavə nə etməliyik? Ölkəmizi bundan sonra necə inkişaf etdirməliyik? Bu məsələlərlə bağlı bizdə kifayət qədər dəqiq planlar, proqramlar və fikirlərimiz vardır. Bu barədə mən dəfələrlə müxtəlif tədbirlərdə fikirlərimi ifadə edirəm. Son müddət ərzində sahibkarlarla görüşdə ölkəmizin ümumi iqtisadi inkişafı, uzunmüddətli iqtisadi inkişafı və onun perspektivləri haqqında öz fikirlərimi söylədim. Bir daha demək istəyirəm ki, ölkəmiz dinamik şəkildə inkişaf edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Ölkə hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatımızın şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində ölkəmizin inkişafını gücləndirir. Ölkənin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir. Biz hazırda qeyri-neft sektorunun, kənd təsərrüfatının, turizmin, qeyri-neft sənayesinin inkişafı üçün çox əhəmiyyətli addımlar atırıq" Prezident çıxışında söyləyib.

Dövlət başçısı bildirib ki, bu gün hər bir bölgədə gələcəklə bağlı konkret planlar vardır.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi artıq başa çatmaq üzrədir. Gələn il bu proqram da yekunlaşacaq və beləliklə, son 8-10 il ərzində nəzərdə tutduğumuz məsələlər öz həllini tapacaqdır. Çalışmalıyıq ki, 2013-cü ilin sonuna qədər bütün bölgələrdə qazlaşdırma layihələri maksimum dərəcədə başa çatsın. O cümlədən Astara rayonunda bu proses sürətlə gedir. Artıq kəndlər də qazlaşdırılır.
Su-kanalizasiya layihələrinin həyata keçirilməsi hər bir rayon, hər bir şəhər üçün çox aktual məsələdir, o cümlədən Astara üçün də aktualdır. Bu məsələ də öz həllini tapır.
Avtomobil yollarının tikintisi. İndi Bakı-Astara magistral avtomobil yolu inşa edilir. Ümid edirəm ki, biz yaxın illərdə bu yolun açılışını qeyd edəcəyik. Kənd yolları tikilir. Keçən dəfə Astarada olarkən bir neçə kəndi birləşdirən kənd yolunun açılışında iştirak etdim. Bu gün yenə də Astara rayonunda digər kəndləri birləşdirən yolun açılışında iştirak edəcəyəm. Biz çalışırıq ki, hər bir yaşayış məntəqəsində normal yaşamaq və işləmək üçün yaxşı şərait, ilk növbədə, infrastruktur, sosial infrastruktur olsun. Yəqin xatırlayırsınız ki, ölkəmizdə ilk modul tipli elektrik stansiyalarının tikintisi də məhz Astaradan başlamışdır. 90 meqavat gücündə olan birinci elektrik stansiyası məhz Astarada tikilmişdir. Bu stansiya indi həm Astara, həm bütün bölgə üçün vacib enerji mənbəyidir.
Bu, çox gözəl hadisədir. Mən ürəkdən sevinirəm ki, bu gün Astarada da idmanla məşğul olmaq üçün çox gözəl şərait yaradılıbdır. Ancaq eyni zamanda, bu gözəl Olimpiya Mərkəzi məhz əvvəlki dövrlərdə düzgün seçilmiş strategiya və taktikanın nəticəsində mümkün olmuşdur. Əgər biz iqtisadi gücü yaratmasaydıq heç bir sosial infrastruktur, yaxud da ki, idman qurğusunun tikilməsinə imkanımız çatmazdı. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, bu gün ölkəmizin dünyadakı mövqeləri bu qədər güclü olmazdı. Biz öz gücümüzə, Azərbaycan xalqının istedadına arxalanırıq. Əldə edilmiş bütün uğurlar məhz Azərbaycan xalqının xidmətidir. Biz tam şəkildə müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik və bundan sonra da heç kimdən asılı olmayacağıq. Biz müstəqilliyin qədrini bilirik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil siyasət aparmaq imkanlarıdır. Bu gün Azərbaycan bölgədə sabitləşdirici rolu oynayır. Dünya birliyi tərəfindən Azərbaycanın fəaliyyəti təqdirlə qarşılanır. Ölkə daxilində proseslər çox müsbət istiqamətdə gedir. Bizim imkanımız var ki, belə gözəl idman qurğuları yaradaq və hər bir bölgənin, xüsusilə cənub zonasının inkişafı ilə bağlı əlavə konkret addımlar ataq.
Bu gün çox gözəl bir gündür. Mən Astarada dəfələrlə olmuşam. Hər dəfə rayonda, şəhərdə olarkən yenilikləri görəndə çox sevinirəm. Keçən il də Astarada olmuşam. Keçən il də, yenə də demək istəyirəm ki, həm yolun, həm Gənclər evinin açılışını qeyd etmişdik. Astara gözəlləşir, müasir gözəl şəhərə çevrilir. Mən bu uğurlarla bağlı bütün astaralıları mən ürəkdən təbrik edirəm, 34-cü Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm. Arzu edirəm ki, hər bir gənc və hər bir vətəndaş bu kompleksin imkanlarından istifadə etsin, hər bir insan özünü rahat hiss etsin, hər bir ailədə sosial vəziyyət, dolanışıq yaxşı olsun, imkanlar artsın, ölkəmiz inkişaf etsin, insanlar rifah içində yaşasınlar" İlham Əliyev çıxışında deyib.

Xəbər lenti

Xəbər lenti