...

Azərbaycanın partiya sədri "beşlik" üzvlərinin mövqelərinin fərqli olduğunu deyir

Siyasət Materials 24 Aprel 2012 11:08 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının sədri müxalifətin yeni "beşlik" formatında təmsil olunan partiyaların mövqelərinin hələ də kəskin şəkildə fərqləndiyini deyib.
Azərbaycanın partiya sədri "beşlik" üzvlərinin mövqelərinin fərqli olduğunu deyir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Demokrat Partiyasının sədri müxalifətin yeni "beşlik" formatında təmsil olunan partiyaların mövqelərinin hələ də kəskin şəkildə fərqləndiyini deyib.

"Son görüşümüzdə də məlum oldu ki, biz hələ də ölkədəki siyasi hadisələrə, müxalifətin birliyinə və s. məsələlərə çox fərqli yanaşırıq", - bunu çərşənbə axşamı Trend-ə ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Partiyaların movqeyində bu cür fərq olduğu halda yeni formatın perspektivinə münasibət bildirən Cəlaloğlu hələlik cəhd etdiklərini qeyd edib.

"Vaxtından qabaq hər hansı bir nəticə çıxarmağa ehtiyac yoxdur. İndidən hadisələrin necə olduğunu demək çətindir. Yəni perspektivinə ümid etməsək, yəqin ki, bu ideyanın dalınca getmərik. Hər şeyi gələcək göstərəcək", - Cəlaloğlu deyib.

O qeyd edib ki, hələlik partiyaların mövqeyində də hər hansı bir ciddi bir yaxınlaşmadan danışmaq tezdir.

"Ancaq bu baxışları uyğunlaşdırmaq mümkündür. Ona görə də biz çalışırıq ki, bu formatı davam etdirək", - partiya sədri deyib.

Qeyd edək ki, müxalifət partiyaları yeni formatda görüşlərə başlayıb. "Beşlik" formatında keçirilən görüşdə ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu və AMİP sədri Yusif Bağırzadə təmsil olunur. Bu cür görüşlərin ayda ən azı iki dəfə keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti