...

Mexiko şəhərindəki kilsədə Azərbaycan hökuməti tərəfindən ianə edilmiş üç kilsə zəngi istifadəyə verildi (FOTO)

Siyasət Materials 26 Oktyabr 2012 09:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Mexiko şəhərində Tlakskoake-Xocalı Meydanı ərazisində, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidənin yaxınlığında yerləşən Konsepsion Santisima kilsəsində Azərbaycan hökuməti tərəfindən ianə edilmiş üç kilsə zənginin istifadəyə verilməsi ilə əlaqədar rəsmi təqdimat mərasimi keçirilib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat daxil olub.

Məlumata görə, kilsənin baş keşişi Eduardo Lozano Xuarez tədbiri açaraq Azərbaycan hökumətinin dəstəyi ilə Tlakskoake-Xocalı Meydanının təmir və bərpa edilməsi, hal-hazırda isə kilsə zənglərinin ianəsi edilməsini, Meydanda ucalan Xocalı qurbanlarına həsr edilmiş abidə kimi sülh və tanrı məhəbbətinin göstəricisi olduğunu söyləyib.

Eduardo Lozano dahi şairimiz Nizami Gəncəvinin yaradıcılığından sitat gətirərək, habelə 2002-ci ildə Roma Papası II İoann Pavelin Azərbaycana səfəri zamanı ölkəmiz haqqında söylədiyi xoş fikirlərdən misal göstərmiş, "Azərbaycanın Şərq və Qərbin qapıları" və sülhü aramaq üçün uyğun bir yer olduğunu bildirib.

Mərasimdə çıxış edən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bildirib ki, Azərbaycan hökuməti tərəfindən kilsəyə ianə edilmiş üç zəngdən biri daim Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edəcək. Səfir, Azərbaycan və Meksika xalqları arasında inkişaf edən dostluq əlaqələrindən danışaraq, "bir gün səsimizin tanrı dərgahına çatacağına və ölkəmizdə də sülhün bərpa olunacağına əmin olduğunu" söyləyib.

Daha sonra, tədbirdə çıxış edən Meksika Katolik Kilsəsini Kardinalı Norberto Ribera Karrera Azərbaycan haqqında bəhs edərək, ölkəmizdə qeyri-adi bir dini tolerantlığın mövcud olduğunu, müsəlmanlarla yanaşı, Azərbaycanda xristianlar və yəhudilərin də bərabər hüquqlu və azad yaşadıqlarını vurğulayıb.

Qeyd etmək istərdik ki, mərasimin sonunda, kilsə zənglərinin təntənəli istifadəyə verilməsi zamanı, bir sıra erməni icmasının üzvləri ənənəvi olaraq tədbirin pozulmasına yönəlmiş təxribatçı hərəkətlər edərək, "Xocalıda baş verənlərin əslində soyqırım olmadığını", "abidənin üzərindəki yazının həqiqətə uyğun olmadığını" bəyan etməklə iştirakçıların və mətbuat nümayəndələrinin diqqətini cəlb etməyə cəhdlər göstəriblər.

Lakin, mərasimdə toplaşmış Meksika vətəndaşları və səfirliyin dostlarının birmənalı və sərt narazılığına səbəb olmuş bu təxribat baş tutmayıb, həmin şəxslər mərasim keçirildiyi yerdən Mexiko şəhər sakinləri tərəfindən qovulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti