...

Azərbaycanda yeni siyasi blokun yaranması üçün sənədlərin hazırlanması başa çatır

Siyasət Materials 29 Oktyabr 2012 16:38 (UTC +04:00)
"Hazırda bizim münasibətlərimizi tənzimləyəcək əsasnamənin yekun variantını müzakirə edirik, digər sənədlərin də konturları demək olar ki hazırdır. Burada siyasi fəaliyyətin bir çox cəhətləri var və bu baxımdan, ilk növbədə, bu münasibətləri tənzimləyəcək sənədin olması lazımdır", - bu barədə Trend-ə açıqlamasında yeni siyasi blokda təmsil olunacaq Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Azərbaycanda yeni siyasi blokun yaranması üçün sənədlərin hazırlanması başa çatır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda üç partiyanın daxil olacağı yeni siyasi blokun əsasnaməsi yekunlaşmaq üzrədir.

"Hazırda bizim münasibətlərimizi tənzimləyəcək əsasnamənin yekun variantını müzakirə edirik, digər sənədlərin də konturları demək olar ki hazırdır. Burada siyasi fəaliyyətin bir çox cəhətləri var və bu baxımdan, ilk növbədə, bu münasibətləri tənzimləyəcək sənədin olması lazımdır", - bu barədə Trend-ə açıqlamasında yeni siyasi blokda təmsil olunacaq Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

O qeyd edib ki, bundan əlavə, blokun gələcək fəaliyyətinin konturları da müəyyənləşməlidir.

Əliyev gələcəkdə yeni bloka digər siyasi partiyaların da qoşulmasını istisna etmir.

"Biz prinsiplərimizi elan edəndən sonra kimlərsə bu blokda olmaq istəyəcəksə, təbii ki, onların da müraciətlərinə baxacağıq. Biz istəyirik ki, yaradacağımız blok daha geniş əhatəli olsun", - partiya sədri qeyd edib.

O, yaranacaq siyasi blokun fəaliyyətinin müxalifət düşərgəsindəki digər siyasi birliklərin və blokların fəaliyyətindən fərqli olacağını bildirib.

"Bizim Azərbaycanın siyasi həyatı ilə bağlı və bir çox digər məsələlərdə onlardan kifayət qədər fərqli baxışlarımız var. Belə olmasaydı, yəqin ki, biz mövcud olan siyasi blokların hansındasa təmsil olunmaq barədə qərar verərdik", - Əliyev bildirib.

Əliyev VİP ilə uzun müddət sıx əməkdaşlıq edən Liberal Partiyasının yeni yaradılacaq bloka qoşulmamasına münasibət bildirib.

"Liberal Partiyası hazırda Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunur. Hələlik partiya orada fəaliyyətə üstünlük verir və biz də bu məsələni normal qarşılayırıq. Hesab edirəm ki, bizim Liberal Partiyası ilə olan münasibətlərimiz davam edir və biz bu münasibətləri qorumağa çalışırıq", - partiya sədri bildirib.

Qeyd edək ki, Yaşıllar, Ədalət və Vətəndaş və İnkişaf partiyaları bir araya gələrək yeni siyasi blok yaratmaq barədə qərar veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti