...

Bakıda onlayn KİV-in təhükəsizliyi məsələləri müzakirə edilib

Siyasət Materials 7 Noyabr 2012 13:56 (UTC +04:00)
Bakıda keçirilən VII İnternet İdarəçilik Forumu (Internet Governance Forum - IGF) çərçivəsində onlayn-KİV-in və onların əməkdaşlarının təhlükəsizliyi məsələlərinin müzakirəsi keçirilib.
Bakıda onlayn KİV-in təhükəsizliyi məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Bakıda keçirilən VII İnternet İdarəçilik Forumu (Internet Governance Forum - IGF) çərçivəsində onlayn-KİV-in və onların əməkdaşlarının təhlükəsizliyi məsələlərinin müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, müzakirələrdə Avropa Teleradioyayım İttifaqı, ATƏT, Avropa Şurasının nümayəndələri iştirak ediblər.

Müzakirələrin mövzusu, həmçinin informasiyanın yayılmasında internetin rolu olub.

Avropa Şurasının nümayəndəsinin sözlərinə görə, internet təkcə fikirlərin ifadə edilməsi üçün yaxşı imkan deyil, həm də bu sahədə çağırış və müəyyən mənada riskdir.

Onun bildirdiyinə görə, Avropa Şurası internetdə azad fikri və onları səsləndirənlərin müdafiəsini təmin etməyə çalışır. Cəmiyyət və hökumət üçün azadlıq anlayışı prioritet olmalıdır ki, bu da demokratik inkişaf üçün çox vacibdir.

Avropa Teleadioyayım İttifaqının nümayəndəsi Cakomo Masoninin sözlərinə görə, Azərbaycan demokratiyanı quran ölkələrdən biridir. "Bu uzun prosesdir və biz bu kontekstdə ən yaxşı həllə ümid edirik", - Masoni qeyd edib.

O vurğulayıb ki, onlayn dünya informasiyanın yaranmasının vacib yerlərindən biridir və internetdə informasiyanın etibarlılığını necə yoxlamaq və jurnalistləri, bloggerləri necə qorumaq məsələləri problemlidir.

ATƏT-in KİV-in azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç hesab edir ki, hazırda blogger və jurnalistləri məqalələrinə görə təqibdən qorumaq lazımdır.

"Biz rəqəmsal əsrdə yaşayırıq və həqiqi demokratiyanın əlaməti cəmiyyətin hər üzvünün azad fikir söyləməsidir", - Miyatoviç bildirib və vurğulayıb ki, jurnalistlərin öz materialları ilə vətəndaşların şəxsi həyatına müdaxilə etmələri halları az deyil.

"Lakin tolerantlıq demokratik cəmiyyətin əlamətidir və heç kəs azad sözə görə repressiyaya məruz qalmamalıdır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti