...

Elnur Aslanov: Azərbaycanın prinsipial və dəyişməz mövqeyi internet azadlığının tam təmin edilməsi üçün hər cür şərait yaratmaqdır

Siyasət Materials 8 Noyabr 2012 16:48 (UTC +04:00)
Azərbaycan dövlətinin prinsipial və dəyişməz mövqeyi internet azadlığının tam təmin edilməsi üçün hər cür şərait yaratmaqdır.
Elnur Aslanov: Azərbaycanın prinsipial və dəyişməz mövqeyi internet azadlığının tam təmin edilməsi üçün hər cür şərait yaratmaqdır

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycan dövlətinin prinsipial və dəyişməz mövqeyi internet azadlığının tam təmin edilməsi üçün hər cür şərait yaratmaqdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Avropa Komissiyasının vitse-prezidenti Nili Kros tərəfindən Azərbaycanda internet və elektron media üzərində nəzarətin olması, onun yayımının məhdudlaşdırılması haqqında səslənən fikirlərə münasibət bildirərkən deyib.

"BMT-nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi İnternet İdarəçilik Forumu Azərbaycan dövlətinin internetə və onun azad istifadəsinə verdiyi önəmin yenidən təsdiq etməsidir. Çünki internet insan fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib, insan inkişafının, innovasiyaların əvəzedilməz mənbəyidir. Onun müstəqil fəaliyyəti onun malik olduğu əsas dəyərdir ki, hər bir cəmiyyət, istər rəsmi strukturlar, istərsə də vətəndaş cəmiyyəti institutları ondan tam bəhrələnməlidir", - Aslanov qeyd edib.

PA rəsmisi bildirib ki, Avropa Komissiyasının vitse-prezidentinin fikirləri Azərbaycan dövlətinin niyyəti və fəaliyyəti ilə ziddiyyət təşkil edir və hansı məqsədlərlə deyilməsi haqlı suallar doğurur. Dünyanın əksər ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşların internetə çıxışı (65%) yüksək yerlərdən birini tutur. Yaxın gələcəkdə əhalinin həyat səviyyəsinin durmadan artması və insan amilinin inkişaf etməsi nəticəsində bu faizin daha da artması qaçılmazdır.

"Günbəgün insanların məlumat əldə etmək imkanları genişlənir. Lakin Avropa institutunun məsul şəxsinin öz çıxışında istinad etdiyi məlumatlar qərəzli mövqedən qaynaqlanır. Obyektiv reallığın düzgün qiymətləndirilməsi elektron media sahəsində sadəcə müxalif mövqedə durmuş insanlarla deyil, siyasi mövqeyindən asılı olmayaraq müxtəlif media mənsubları ilə təmasın olmasını zəruri edir. Təəssüflər olsun ki, bəzi Avropa məmurları bu prinsipi yaddan çıxarırlar", - o deyib.

Aslanov vurğulayıb ki, bəzi qərb ölkələrindən fərqli olaraq, Azərbaycan malik olduğu maliyyə imkanlarını internetdə yayılan məlumatların casusluq yolu izlənib əldə edilməsinə deyil, ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş layihələrə həsr edir. Bu, Azərbaycanın gələcək rifahının, vətəndaşların geniş imkanlara malik olub kompüter texnologiyalarına yiyələnməsinin qarantıdır. Azərbaycanın heç bir "Eşelon" sistemi yoxdur, lakin gələcəyə ünvanlanmış inkişaf proqramları var.

Onun sözlərinə görə, internet saytlarına girişin azad olması və sosial şəbəkələrdə vətəndaşların öz fikirlərini azad ifadə etməsi dövlət-vətəndaş münasibətlərinin inkişafına da mühüm təsir göstərir. Müxtəlif ölkələrdə internetə qadağaların və senzuraların tətbiqi yekunda vətəndaşların hakimiyyət strukturlarına olan inamını zəiflədib, səmərəsiz olduğunu sübut edib. Yeni texnologiyaların tətbiqi belə maneələri aşıb, zəruri məlumatların əldə edilməsinə imkan verir.

"Biz hər zaman internet sahəsində məhdudiyyətlərə qarşı olmuşuq, bu gün də bu mövqedə qalırıq. İnternetin mühüm bir funksiyası da hakimiyyət strukturlarını elektron texnologiyaların vasitəsilə vətəndaşlarla ünsiyyətini, yaxınlığını təmin etməkdir. Vətəndaş azadlığı liberal demokratiyanın məğzini təşkil etdiyi üçün onun internet resurslarından azad istifadə etməsi yeni "internet vətəndaş" konsepsiyasının meydana gəlməsini şərtləndirir. Demokratiya prinsiplərinə sadiq olan və Avropa institutlarına inteqrasiya edən Azərbaycan internetin bəxş etdiyi yeni imkanlardan bəhrələnərək özünün iqtisadi, siyasi və sosial inkişafının yeni mərhələsini hazırlayır. Azərbaycanlı mütəxəssislərin üzərində işlədiyi gələcək inkişaf konsepsiyaları insan amilinin inkişafını əsas meyar kimi təyin edir. Bizim gələcəyimiz bizim vətəndaşlarımızın müasir dövrün texnoloji tərəqqisini mənimsəməsinə birbaşa bağlıdır", - Aslanov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti