...

Rusiya Cənubi Qafqaz regionunda sabitliyin olmasında maraqlıdır - politoloq (FOTO)

Siyasət Materials 22 Noyabr 2012 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya Cənubi Qafqaz regionunda sabitliyin olmasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı mətbuat konfransında jurnalistlərə "Şimal-Cənub" Siyasi Mərkəzinin baş direktoru, Moskva Dövlət Universitetinin nəzdində Postsovet məkanında ictimai-siyasi proseslərin tədqiqatı üzrə Mərkəzin direktoru Aleksey Vlasov deyib.

"Azərbaycan 2013-cü ildə prezident seçkiləri ilə başa çatmalı olan böyük siyasi mərhələyə qədəm qoyub və bu şəraitdə Rusiya şübhəsiz ki, ölkədə, regionda və umumilikdə sabitliyin qorunmasında maraqlıdır", - Vlasov qeyd edib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında danışıqlar masası arxasında həll etməyin mümkün olmadığı məsələ və problem yoxdur. Bura Qəbələ RLS-in icarəyə verilməsi müddətinin uzadılması və iki ölkənin enerji əməkdaşlığı məsələlərini aid etmək olar.

Rusiya qonşu Şimali Qafqaz regionunda sabitliyin qorunması üçün də Cənubi Qafqazda sabitliyin olmasına maraq göstərir.

Gürcüstana gəlincə, Vlasovun fikrincə, Tbilisi və Moskva arasında dialoqun bərpa edilməsinin vaxtı barədə danışmaq hələ tezdir.

"Əlbəttə ki, Baş nazir Bidzina İvanişvilinin başçılığı ilə yeni hökumətin gəlməsi ilə 2008-ci ilin avqustunda baş vermiş hadisələrin təkrarlanması ehtimalı heçə enir, lakin münasibətlərin tam bərpa olunması haqqında danışmaq hələ tezdir", - o əlavə edib.

Vlasovun sözlərinə görə, Gürcüstan tərəfindən qarşıdurma ritorikasının olmaması və Rusiyanın cavab addımlar atmaması halında proses "ölü nöqtə"dən hərəkət edə bilər, lakin Cənubi Osetiya və Abxaziya məsələsi danışıqlar prosesində ilkin şərt ola bilməz.

"Gürcüstan ərazisindən keçməklə Abxaziya dəmiryol layihəsinin həyata keçirilməsinin mümkünlüyünə gəlincə, bu barədə danışmaq hələ çox tezdir", - ekspert qeyd edib.

Onun sözlərinə görə, digər tərəfdən, əgər münasibətlər bərpa edilsə, bu, şübhəsiz ki, bütün regiona müsbət təsir edəcək.

Vlasovun sözlərinə görə, həmçinin, Ermənistandakı vəziyyəti əvvəlcədən bilmək olar.

"2013-cü il prezident seçkilərində çox güman ki, Serj Sarkisyan qalib gələcək, çünki bu gün Ermənistanda rəqabət meydançası yarada biləcək qüvvə olduqca azdır", - o deyib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Vlasov bildirib ki, 2013-cü ildə prosesə əvvəlki dinamikanı qaytarmaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konkret yol xəritəsi ilə danışıqlar masası arxasına oturmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti