Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Yaşıllar Partiyası (AYP) Demokratik Qüvvələrin Məşvərət Məclisində (DQMM) fəaliyyətinə xitam verməsini DQMM-də bərabər hüquqların pozulması ilə əlaqələndirib.
"Bizim bir partiya olaraq Məşvərət Məclisində fəaliyyətimizə xitam verməyimizin birinci səbəbi Vətəndaş və İnkişaf Partiyasının üç dəfə Məşvərət Məclisinə dəvət edilməsi, lakin sonradan partiyanın gəlməsinə maneəçilk törədilməsi ilə əlaqədardır", - bu barədə Trend-ə AYP həmsədri Mayis Güləliyev deyib.
O qeyd edib ki, bununla bağlı Məşvərət Məclisində heç bir aydınlıq gətirilmədi və bununla da Məclisin əsasnaməsi pozuldu.
Güləliyev deyib ki, DQMM-də narazılıq yaradan digər hal isə qərarların qəbul edilməsində, gündəliyin tərtib edilməsində, o cümlədən təmsilçilik məsələsində 2-3 partiyanın üstünlük təşkil etməsi və beləliklə də bərabər hüquqların pozulması olub.
"Bütün bunlar bizə əsas verdi ki, Məşvərət Məclisindəki fəaliyyətimizə xitam verək", -o, bildirib.
Məsələyə VİP sədri Əli Əliyev də münasibət bildirib. O, Trend-ə deyib ki, rəhbərlik etdiyi partiya bir neçə dəfə DQMM-ə dəvət olunsa da, Məşvərət Məclisindəki fikirayrılığı onların əməkdaşlığına imkan verməyib.
"Biz də bununla bağlı partiya daxilində görüş keçirdik və Məşvərət Məclisi ilə əməkdaşlıq etməmək qərarı verdik", - Əliyev deyib.
DQMM-in sədri Valeh Mirzəyev isə Trend-ə bildirib ki, Yaşllar Partiyası Məşvərət Məclisindən çıxması ilə bağlı müraciət etməyib.
DQMM-də bərabər hüquqların pozulması məsələsinə gəlincə Mirzəyev qeyd edib ki, Məşvərət Məclisində heç bir partiyaya üstünlük verilmir.
"Orada qeydiyyatdan keçən və keçməyən partiyalar da var və onlara da heç bir fərq qoyulmur", - o, deyib.
VİP-in DQMM-ə üzv olması məsələsinə münasibət bildirən Mirzəyev qeyd edib ki, Məşvərət Məclisində bununla bağlı heç bir problem yoxdur. "Əslində biz genişlənməyin tərəfdarıyıq. Bildirilmişdi ki, VİP ilə danışıq olub və onlar gələcəklər. Bununla da söhbət qapandı və ondan sonra VİP Məşvərət Məclisinə müraciət etmədi", - DQMM sədri deyib.