...

Azərbaycanın müxalifət düşərgəsində yeni blok yaradılır

Siyasət Materials 2 Aprel 2013 13:01 (UTC +04:00)
Azərbaycanın üç müxalifət partiyası- Yaşıllar, Ədalət və Vətəndaş və İnkişaf (VİP) partiyaları tərəfindən yaradılması nəzərdə tutulan siyasi blok VİP-in iştirakı olmadan yaradılacaq. Bu barədə Trend-ə Yaşıllar Partiyasının sədri Mayis Güləliyev deyib.
Azərbaycanın müxalifət düşərgəsində yeni blok yaradılır

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın üç müxalifət partiyası- Yaşıllar, Ədalət və Vətəndaş və İnkişaf (VİP) partiyaları tərəfindən yaradılması nəzərdə tutulan siyasi blok VİP-in iştirakı olmadan yaradılacaq. Bu barədə Trend-ə Yaşıllar Partiyasının sədri Mayis Güləliyev deyib.

"Bu üç partiyanın blok yaratmaq ilə bağlı fəaliyyəti keçən ilin mart-aprel aylarından başladı və təqribən bir il davam etdi. Bu bir il ərzində həm əsasnamə, həm fəaliyyət proqramı hazırlandı, üç partiyanın fəaliyyət konturları müzakirə olundu və sonra siyasi şuralar səviyyəsində danışıqlar aparıldı. Bu yaxınlarda blokun təqdimatının keçirilməsi nəzərdə tutulurdu, lakin gözlənilmədən VİP belə bir blokun yaradılmasında iştirak etməyəcəyini bəyan etdi və heç bir səbəb göstərmədi", - Güləliyev deyib.

Partiya sədri qeyd edib ki, bu, həm "Yaşıllar", həm də Ədalət partiyaları üçün gözlənilməz bir xəbər oldu, çünki heç bir səbəb olmadan, əvvəldən xəbərdarlıq olmadan, birdən-birə VİP bu blokda iştirak edə bilməyəcəyini bəyan etdi.

"Əlbəttə, biz ona uğurlar arzu edirik, ancaq Yaşıllar və Ədalət partiyaları qərara gəldi ki, bu proses iki partiya çərçivəsində davam etsin. Gələcəkdə də hansı partiyalar qoşularsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq", - Güləliyev deyib.

Onun sözlərinə görə, bu yaxınlarada artıq yeni blokun təqdimatının keçirilməsi planlaşdırılır.

VİP ilə bundan sonra əməkdaşlıq məsələsinə toxunan Güləliyev bunun mümkün olmadığını deyib.

"Bundan sonra bizim digər siyasi partiyalarla əməkdaşlığımız ancaq blok çərçivəsində olacaq. Bu baxımdan əgər VİP birdən-birə blokun yaradılmasından imtina etdisə, onunla necə əməkdaşlığımız ola bilər? Həm Yaşıllar, həm də Ədalət partiyaları blokdan kənar hər hansı bir partiya ilə əməkdaşlıqdan imtina edir", - Güləliyev vurğulayıb.

Güləliyev yeni yaradılacaq blokun qarşıdan gələn prezident seçkiləri ilə bağlı planlarından da danışıb. Onun sözlərinə görə, bu iki partiyanın blokunun prezident seçkilərinə hazırlığı ilə bağlı geniş fəaliyyət proqramı da artıq hazırdır.

"Prezident seçkiləri ilə bağlı isə yəqin ki, bizim vahid namizədimiz olacaq. Gələn ayın sonuna qədər artıq vahid namizəd məsələsi həll olunacaq. Biz heç bir partiyanın namizədini dəstəkləməyəcəyik. Blokun özünün namizədi olacaq və blokdan kənar heç bir namizədi dəstəkləməyəcəyik. Bu qəti qərardır", - Güləliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti