...

Azərbaycanın hakim partiyasından İsa Qəmbərin ittihamlarına cavab

Siyasət Materials 15 Aprel 2013 15:15 (UTC +04:00)
İsa Qəmbər 20 ildir eyni şey deyir. Azərbaycan hakimiyyəti həmişə azad, ədalətli və demokratik seçkilər keçirib və həmişə də qalib gəlib. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Trend-ə İctimai Palatanın sessiyasında səsləndirilən ittihamlara münasibət bildirərkən deyib.
Azərbaycanın hakim partiyasından İsa Qəmbərin ittihamlarına cavab

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Mehdiyev/

Müsavat başqanı İsa Qəmbər 20 ildir eyni şey deyir. Azərbaycan hakimiyyəti həmişə azad, ədalətli və demokratik seçkilər keçirib və həmişə də qalib gəlib. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Trend-ə İctimai Palatanın sessiyasında səsləndirilən ittihamlara münasibət bildirərkən deyib.

Siyavuş Novruzov isə bu ittihamların cəfəngiyat olduğunu bildirib.

"Onların dedikləri cəfəngiyatdır, biz onların heç birinə fikir vermirik. Müsavat və onun ərafında fırlananlar istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində həmişə uduzublar".

O bildirib ki, Müsavat Partiyası heç İsa Qəmbərin prezidentliyə namizəd olmasını istəmir, o, yalandan özünə status alıb ki, guya prezidentliyə namizəddir.

"Hansı təşkilat səni prezidentliyə namizəd irəli sürüb ki, sən indi namizəd kimi çıxış edirsən?" - Novruzov vurğulayıb.

Regionlarda gərginliklə bağlı səsləndirilən ittihamlara münasibət bildirən Novruzov regionlarda heç bir gərginliyin olmadığını diqqətə çatdırırb: "Biz-tez-tez regionlarda oluruq, ictimaiyyətlə görüşürük, ictimaiyyətin əhval-ruhiyyəsi çox yaxşıdır, camaatın münasibəti çox yüksək səviyyədədir. Hər həftə bir neçə rayonda həm gənclərlə, həm də yaşlı nəsillə görüşlər keçiririk və onların hamısı bugünkü siyasətə tam dəstək verir, Prezident İlham Əliyevin gələcəkdə də prezident olmasına səs verəcəklərini əvvəlcədən bəyan edirlər".

O ki qaldı hansısa gənclərin tutulmasına, Novruzov bildirib ki, həmin gənclər sırf qanun pozuntusuna görə tutulub.

"Təbii ki, kimsə qanunu pozubsa, o, tutulmalıdır. Buna nə ad qoyurlar qoysunlar, demokratik respublikada qanunun aliliyi mövcuddur və qanunun aliliyini kim pozacaqsa, hansı partiyanın üzvü pozacaqsa, kiminsə oğlu olacaqsa, kiminsə qızı olacaqsa, bu fərq etmir. Kimliyindən asılı olmayaraq, heç kim qanunu pozmamalıdır, əgər pozursa qanun qarşısında cavab verməli olacaq", - Novruzov vurğulayıb.

Qeyd edək ki, İctimai Palatanın aprelin 13-də keçirilən sessiyasında Müsavat başqanı İsa Qəmbər hakimiyyəti ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti