Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı prezidentliyə namizədliyini geri götürə bilər.
"İsa Qəmbərin namizədliyi bu il yanvarın 4-də Müsavat Partiyasının Məclisində irəli sürülüb. Əgər müxalifətin daha uğurlu bir namizədi olacaqsa və bunun üçün namizədliyi geri götürmək lazım gələcəksə, İsa Qəmbər bu məsələni müzakirə etməyə hazırdır", - bu barədə Trend-ə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AXCP sədri Əli Kərimlinin müxalifətin seçkilərə vahid namizədlə getməsinə dair çağırışını şərh edərkən deyib.
Hacılı, həmçinin müxalifətin vahid namizəd məsələsinə aydınlıq gətirib.
"İdeoloji xətti üst-üstə düşən, yaxın olan müxalifət partiyalarından başqa, faktiki olaraq bəzi xarici ölkələrin maraqlarına xidmət edən siyasi partiyalar da var ki, onlar da özlərini müxalifət partiyaları adlandırırlar. Bu baxımdan real müxalifətlə özünü müxalifət adlandıran qüvvələrin vahid namizədinin olması real görünmür, lakin əsas siyasi qüvvələrin real namizədi ola bilər", - Hacılı deyib.
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin payız aylarında keçirilməsi nəzərdə tutulur.