Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/
Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı prinsiplərə razılıq verilməsinin vacibliyinin səslənməsi artıq ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələdə nəticə əldə etmələrinin işartılarını göstərir.
Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada keçirdiyi görüşlər barədə sualı cavablandırarkən deyib.
O qeyd edib ki, son dövrdə Dağlıq Qarabağla bağlı qarşılıqlı səfərlər, danışıqlar intensivləşib.
Muradova deyib ki, ATƏT PA-nın yay sessiyasında Siyasi Komitənin məruzə və qətnaməsində münaqişə ilə bağlı fikirlər öz əksini tapıb:
"Məsələ ATƏT PA-nın fəaliyyətinin bir növü kimi müzakirə olunacaq".
ATƏT-in Minsk qrupunun işi ilə bağlı Muradova deyib ki, nəticənin olmaması ilə bağlı ATƏT-in Minsk qrupuna səslənən iradlar haqlıdır:
"Paradoks ondan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti var, nəticə isə yoxdur".
Vitse-spiker vurğulayıb ki, Minsk qrupunun fəaliyyətinin nəticəsizliyi ATƏT-in yay sessiyasında qaldıralacaq:
"Dağlıq Qarabağla bağlı məsələ ATƏT-in yay sessiyasına salınmadığı üçün bu məsələyə həlli uzadılmış münaqişələrə münasibət kontekstində fikrimizi bildirəcəyik".