...

Eldar Mahmudov NATO baş katibinin müavini ilə görüşüb (FOTO)

Siyasət Materials 23 May 2013 19:06 (UTC +04:00)
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycanda səfərdə olan NATO baş katibinin meydana çıxan təhlükəsizlik çağırışları üzrə müavini Qabor İklodini qəbul edib.
Eldar Mahmudov NATO baş katibinin müavini ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycanda səfərdə olan NATO baş katibinin meydana çıxan təhlükəsizlik çağırışları üzrə müavini Qabor İklodini qəbul edib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, nazir Eldar Mahmudov hazırda Şimali Alyansla Fərdi Tərəfdaşlıq Əməliyyat Planının müvəffəqiyyətlə həyata keçirildiyini və ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib. Eldar Mahmudov bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin NATO ilə əməkdaşlığın daha da intensivləşdirilməsi və Avro-Atlantika məkanına inteqrasiyasının gücləndirilməsi üzrə qəbul etdiyi qərarların, verdiyi müvafiq göstərişlərin mühüm rol oynadığını qeyd edib.

Milli təhlükəsizlik naziri terrorçuluqla mübarizədə Azərbaycanın birmənalı mövqeyini bir daha vurğulayaraq, bu sahədə fəaliyyətin Milli Təhlükəsizlik Nazirliyinin vəzifələri sırasında prioritet istiqamətlərdən olduğunu və beynəlxalq təhlükəsizliyin təmin olunmasında Avro-Atlantika məkanına daxil olan tərəfdaş ölkələrin müvafiq qurumları ilə əlaqələrin daha da gücləndirilməsinə xüsusi önəm verildiyini söyləyib.

Nazir Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbay¬canın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat verib, bu faktorun eyni zamanda bütün Avropanın təhlükəsizliyinə ciddi təhdid doğurduğunu söyləyib.

Daha sonra nazir Eldar Mahmudov mühüm regional və beynəlxalq əhəmiyyətə malik neft-qaz ixrac kəmərlərinin və digər layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinə toxunaraq, bu istiqamətdə sıx əməkdaşlığın, qarşılıqlı əlaqəli fəaliyyətin vacibliyini qeyd edib.

Səfəri çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirən Qabor İklodi Azərbaycanın Fərdi Tərəfdaşlıq Əməliyyat Planının icrası üzrə müvafiq dövlət qurumlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərdən NATO tərəfinin razı qaldığını vurğulayıb. Qonaq bu mənada Şimali Alyansın ölkəmizlə münasibətlərə xüsusi önəm verməsinin çatdırılması missiyasının ona həvalə olunmasından məmnunluğunu ifadə edib.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə Azərbaycanla NATO arasında münasibətlərin ardıcıl inkişafı ilə bağlı və maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti