Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.Mehdiyev/
"Human Rights Watch" kimi mənasız məlumatlar yayan təşkilatlar hansısa qrupların maraqlarına xidmət edir. Bunu Trend-ə təşkilatın Azərbaycan haqqında son hesabatını şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, "Human Rights Watch" beynəlxalq təşkilat deyil, qeyri-hökumət təşkilatıdır: "Azərbaycanda da qeyri-hökumət təşkilatları var və onlar da istənilən ölkədə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı bəyanat yaya bilər. Ona görə də "Human Rights Watch" deyilən bir təşkilatın yaydığı bu və ya digər sənəd Azərbaycanı hansısa bir öhdəlik qarşısında qoymur".
O, qeyd edib ki, bu təşkilatlar QHT-lər kimi fəaliyyət göstərir və onların da yaydığı məlumatların mənbələri sübhəli, bir çox hallarda yoxlanılmamış olur, eyni zamanda, həmin təşkilatlar qərəzli məlumatlar yayır.
İcra katibinin müavini əlavə edib ki, bu təşkilatların Azərbaycana qarşı yaydığı məlumatların Azərbaycanın ictimai rəyinə, Azərbaycanın beynəlxalq aləmdə imicinə heç bir təsiri yoxdur: "Bu təşkilatların yaydığı məlumatlar qərəzli xarakter daşıyır. Ona görə də bu cür təşkilatların yaydığı mənasız məlumatlar haqqında danışmağa ehtiyac yoxdur".
M.Qurbanlı bildirib ki, mənasız fikirlər və tezislər ortaya qoyan bu kimi təşkilatlar beynəlxalq aləmdə yalnız Azərbaycana qarşı deyil, bir çox ölkələrə qarşı bu tip məqsədli məlumatlar yayaraq hansısa qrupların maraqlarını ifadə edir.