Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat və enerji layihələri sayəsində Xəzər regionu dünyada strateji əhəmiyyət kəsb edəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül İstanbulda keçirilən nəqliyyat və rabitə üzrə beynəlxalq forumda çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Pekindən Londonadək vahid nəqliyyat dəhlizinin yaradılmasına imkan verəcək.
Onun sözlərinə görə, "Bakı-Tbilisi-Qars" dünyada ticarət balansını dəyişdirməyə hesablanmış "İpək yolu" layihəsinin zənciridir: "Biz Azərbaycan və Gürcüstanda olan həmkarlarımızla birlikdə bu dəmir yolunun tikintisini başa çatdrımaq üçün hər cür səy göstəririk".
A.Gül qeyd edib ki, "Bakı-Tbilisi-Qars" layihəsi gələn il istismara veriləcək.