...

Azərbaycan və İtaliyanın xüsusi xidmət orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Siyasət Materials 19 Sentyabr 2013 15:49 (UTC +04:00)
Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə İtaliyanın Xarici Məlumat və Təhlükəsizlik Agentliyinin direktoru general-leytenant Adriano Santini 2013-cü il sentyabrın 19-da ölkəmizdə rəsmi səfərdə olub.
Azərbaycan və İtaliyanın xüsusi xidmət orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə İtaliyanın Xarici Məlumat və Təhlükəsizlik Agentliyinin direktoru general-leytenant Adriano Santini 2013-cü il sentyabrın 19-da ölkəmizdə rəsmi səfərdə olub.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, əvvəlcə italiyalı qonaqlar və general-leytenant E.Mahmudov başda olmaqla nazirliyin rəhbər heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini də yad efib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bundan sonra milli təhlükəsizlik naziri E.Mahmudov İtaliyanın Xarici Məlumat və Təhlükəsizlik Agentliyinin direktoru general-leytenant A.Santini qəbul edib.

Görüşdə tərəflər arasında enerji təhlükəsizliyi, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, qanunsuz miqrasiya, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivləri müzakirə olunub.

Nazir E.Mahmudov aktual məsələ olan enerji təhlükəsizliyinin regional və beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırıb, mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat verib.

Göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirən A.Santini İtaliya və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını, keçirilmiş dialoqların və məlumat mübadilələrinin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd edib.

İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti