...

İsa Qəmbər və Əli Kərimliyə də istefa tövsiyəsi

Siyasət Materials 17 Oktyabr 2013 16:58 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini hesab edir ki, son günlərdə müxalifət partiyalarında baş verən istefalar gözlənilən idi.
İsa Qəmbər və Əli Kərimliyə də istefa tövsiyəsi

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini hesab edir ki, son günlərdə müxalifət partiyalarında baş verən istefalar gözlənilən idi.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Trend-ə bildirib ki, seçkidən əvvəl Əli Kərimlinin müavini, Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyevin də istefa verməsi növbəti istefalardan xəbər verirdi:

"Bundan sonra həmin siyasi düşərgədən istefalar gözlənilən idi. Çünki onlar görürdülər ki, 20 ildən çoxdur apardıqları bu siyasət artıq iflasa uğrayır, onların ciddi bir uğuru olmayacaq".

N.Orduxanlı hesab edir ki, bundan sonra da istefalar davam edəcək: "Müsavat Partiyasının sədri İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də istefa verməlidirlər. Yəni bu gün onların Azərbaycan siyasətinə ən böyük töhfələri o olardı ki, son 20 ilin nəticəsi olmayan siyasətə görə istefa versinlər, istefa mədəniyyətini ortaya qoysunlar. Ancaq onların buna cəsarəti çatmır".

N.Orduxanlı qeyd edib ki, 22 ilə yaxındır ki, İsa Qəmbər başqandır, Əli Kərimli uzun müddətdir ki, partiya sədridir: "Müsavat Partiyası bir neçə ildir ki, müxtəlif bəhanələrlə qurultayı yubadır və bununla da nizamnaməni pozur. Düşünürəm ki, siyasətdə iflasa uğrayan hər iki şəxs istefa verərək siyasətdən getməlidir".

Qeyd edək ki, Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkilərindən sonra Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev, partiyanın Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və onun müavini Solmaz Ələsgərova, Ümid Partiyasının bir neçə üzvləri istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti