...

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Avropa Parlamentini siyasi təcavüzü dayandırmağa çağırıb

Siyasət Materials 28 Oktyabr 2013 12:08 (UTC +04:00)
Avropa Parlamentinin Avropa Qonşuluq Siyasəti üzrə 23 oktyabr tarixli qətnaməsinin 32-ci bəndində Azərbaycandakı son seçkilərin güya "ATƏT-in standartlarına cavab verməməsi" iddiasının əks olunması Avropa Parlamentinin öz müşahidə missiyasına inamsızlıq və hörmətsizlikdən başqa bir şey deyildir.
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Avropa Parlamentini siyasi təcavüzü dayandırmağa çağırıb

Azərbaycan, Bakı, 28 oktyabr / Trend, müxbir S.Əhmədova/

Avropa Parlamentinin Avropa Qonşuluq Siyasəti üzrə 23 oktyabr tarixli qətnaməsinin 32-ci bəndində Azərbaycandakı son seçkilərin güya "ATƏT-in standartlarına cavab verməməsi" iddiasının əks olunması Avropa Parlamentinin öz müşahidə missiyasına inamsızlıq və hörmətsizlikdən başqa bir şey deyildir. Trend-in məlumatına görə, bunu Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa ünvanladığı məktubunda bildirib.

E.Süleymanov məktubunda qeyd edib ki, bu qətnamənin qəbul edilməsi əslində Avropa Parlamentinin özünün ciddi bir qurum olmasını şübhə altına alır: "Bununla da Avropa Parlamenti İnsan haqları, Azadlıq və Vəhdət Evindən ədalətsizlik və sifarişləri icra edən quruma çevrilmə təhlükəsinə qədəm qoyur".

E.Süleymanov qeyd edib ki, Ermənistan 25 ilə yaxındır ki, silahlı təcavüz edərək Azərbaycan torpaqlarını işğal edib: "Rəhbərlik etdiyiniz qurumun qəbul etdiyi 23 oktyabr tarixli Qətnamənin 32-ci bəndini isə mən Azərbaycana qarşı siyasi təcavüz hesab edirəm. Sizlərin Azərbaycanı avtoritar ölkə kimi təqdim etmək cəhdləriniz beynəlxalq aləmdə ölkənin mənfi imicini formalaşdırmaq, bununla da Ermənistanın zəbt etdiyi torpaqları işğal altında saxlamasına xidmət edərək böhtan və iftiralarla Azərbaycanı işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək məqsədi güdür".

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib: "Necə olur ki, Avropa Şurasının və Avronest PA-nın üzvü olan bir dövlətin, Ermənistanın Avropa Şurasının üzvü olan digər dövlətin, Azərbaycanın torpaqlarını 25 ilə yaxın müddət ərzində işğal altında saxlamasına, işğalla bağlı qətnamələrin icrasına göz yumur, sanksiyalar tətbiq etməkdən açıq-aydın çəkinirsiniz. İşğalçı dövlət olan Ermənistanda keçirilən prezident seçkiləri 5 nəfərlik rəsmi müşahidə missiyanız tərəfindən demokratik qiymətləndirilir və sizlər də həmin qiymətləndirməni dəstəkləyirsiniz. Amma işğala məruz qalmış Azərbaycanda keçirilən seçkilərin rəhbərlik etdiyiniz Avropa Parlamentinin "Yaşıllar" istisna olmaqla bütün siyasi fraksiyaları əhatə edən 7 nəfərdən ibarət müşahidə missiyası tərəfindən müsbət qiymətləndirilməsinə baxmayaraq, dözümsüzlük və qərəzlilik göstərərək, öz müşahidə missiyanızın nüfuzuna ciddi zərbə vurmaq bahasına olsa belə dərhal seçkilərin nəticələrinə kölgə salmaq məqsədi güdən qətnamə qəbul edirsiniz?!"

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri qurumu bütün bunlara son qoymağa və Azərbaycana qarşı siyasi təcavüzü dayandırmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti