...

Milli Şurada həmsədrlik institutu: AXCP-Müsavat qarşı-qarşıya

Siyasət Materials 13 Noyabr 2013 14:26 (UTC +04:00)
Milli Şurada vahid sədrlik və ya həmsədrlik institutu ilə bağlı Müsavat Partiyası ilə AXCP arasında fikirayrılığı özünü daha aydın şəkildə büruzə verir.
Milli Şurada həmsədrlik institutu: AXCP-Müsavat qarşı-qarşıya

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.Mehdiyev/

Milli Şurada vahid sədrlik və ya həmsədrlik institutu ilə bağlı Müsavat Partiyası ilə AXCP arasında fikirayrılığı özünü daha aydın şəkildə büruzə verir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Nurəddin Məmmədli həmsədrlik istitutunun yaradılmasının Milli Şuranın xeyrinə olacağını hesab edir.

N.Məmmədli Trend-ə açıqlamasında bildirib ki, həmsədrlik institutunun yaradılması Milli Şuranın indiki dönəmdə gücünün artmasına təkan verə bilər: "Mən burada qəbahət görmürəm".

N.Məmmədli həmçinin Rüstəm İbrahimbəyovun Milli Şuradan uzaqlaşdırılmasına da etiraz edib: "Hər hansı bir insanı kənarlaşdırmaq üçün ən azı hüquqi, siyasi və mənəvi haqq olmalıdır. Rüstəm İbrahimbəyovun Azərbaycana gələ bilməməsini əsas götürərək onun Milli Şuradan kənarlaşdırılmasını məqbul hesab etmirəm".

Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı öncə Trend-ə açıqlamasında indiki vəziyyətdə həmsədrlik institunun yaradılmasını səmərəli hesab etmədiyini bildirmişdi: "Milli Şuranın həmsədrləri olması təklifini ilk dəfə olaraq mən irəli sürmüşdüm. Təklif etmişdim ki, Rüstəm İbrahimbəyov, İsa Qəmbər və Əli Kərimlidən ibarət həmsədrlik institutu yaradılsın. O vaxt ilk olaraq Rüstəm İbrahimbəyov bu təklifin əleyhinə çıxdı və bildirdi ki, o, Milli Şuranın həmsədrlərinin olmasını istəmir və hesab edir ki, Milli Şuranın tək sədri olmalıdır".

A.Hacılı əlavə etmişdi ki, indiki məqamda isə siyasi qüvvələrin, ictimai təşkilatların əsasını təşkil etdiyi böyük bir koalisiyanın iki ziyalı tərəfindən idarə olunmasını səmərəli hesab etmir.

Mətbuatda yayılan məlumatlarda isə bildirilir ki, Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməməsi və siyasi proseslərdə iştirak etməməsini əsas gətirərək onun Milli Şuradan uzaqlaşdırılmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti