...

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 13 Noyabr 2013 16:46 (UTC +04:00)
Avropa Şurasının Parlament Assambleyasında İspaniya Senatının üzvü, Avropa Xalq Partiyası Qrupunun sədri Pedro Aqramunt Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Avropa Şurasının Parlament Assambleyasında İspaniya Senatının üzvü, Avropa Xalq Partiyası Qrupunun sədri Pedro Aqramunt Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə və lideri olduğunuz partiyaya etibarın göstəricisi, xalqınızı uğurlu gələcəyə aparmaqda, Azərbaycanın firavanlığının artmasında, ölkənin regional və beynəlxalq arenada öz yerini möhkəmlətməsində göstərdiyiniz səylərə dəstəyin aydın təsdiqidir.

Bir daha ən səmimi təbriklərimi bildirir, Sizə uğurlar arzu edirəm".

XXX

Peru Respublikasının Prezidenti Olyanta Umala Tassodan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Peru hökuməti və xalqı adından, şəxsən öz adımdan təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Sizin rəhbərliyinizlə Azərbaycana inkişaf yolunda uğurlar, xalqınıza rifah diləyirəm. Əminəm ki, növbəti prezidentlik dövrünüzdə də ölkələrimizi, hökumətlərimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri bütün sahələrdə inkişaf edəcək, daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

XXX

Ukraynanın Çerniqov vilayəti Apelyasiya Məhkəməsinin sədri Sadıq Tağıyevdən:

"Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Çox şadam ki, Azərbaycan xalqı Sizin peşəkarlığınızı, müdrikliyinizi, Vətənin rifahı naminə səmərəli fəaliyyətinizi yüksək qiymətləndirmişdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, nikbinlik, Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi yolunda yeni uğurlar arzulayıram".

XXX

Qırğız Respublikasındakı "Xəzər" İctimai Birliyinin sədri Ziyəddin Hüseynovdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İssık-Kul vilayəti azərbaycanlılarının "Xəzər" İctimai Birliyi adından səmimi qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq, doğma Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirik. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan gündən-günə inkişaf edir. Allahdan arzumuz budur ki, Sizin rəhbərliyinizlə bu inkişaf davamlı olsun, xalqımızın güzəranı daha da yaxşılaşsın, Azərbaycan ilə Qırğızıstan arasında qardaşlıq və dostluq münasibətləri möhkəmlənsin".

XXX

Hollandiyadakı "Odlar Yurdu" cəmiyyətinin sədri Firəngiz Bağırovadan:

"Azərbaycan Respublikası prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi "Odlar Yurdu" cəmiyyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin səyləriniz sayəsində Vətənimiz bundan sonra da çiçəklənəcək, xalqımızın maddi rifahı daha da yüksələcək və bizi - xaricdə yaşayan həmvətənlərimizi sevindirəcəkdir".

XXX

Albaniya Respublikasının Prezidenti Buyar Nişanidən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, ali dövləti vəzifənizdə uğurlar
diləyirəm.

Zati-aliləri, icazə verin Albaniya ilə Azərbaycan arasında, xüsusilə qarşılıqlı geostrateji əhəmiyyət daşıyan TAP layihəsinin həyata keçirilməsində mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyimizi bir daha vurğulayım.

Ümidvaram ki, Prezidentliyinizin növbəti dövründə ölkələrimiz arasındakı əməkdaşlıq dövlətlərimizin qarşılıqlı maraqlarına uyğun olaraq yeni sahələrdə daha da inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirəm, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

XXX

Belçikalıların Kralı Filipdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Xalqınıza sülh, əmin-amanlıq və rifah arzulayıram".

XXX

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tsvirkundan:

"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım.

Əminəm ki, Sizin hökumətiniz və şəxsən Zati-aliniz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında, həmçinin enerji və nəqliyyat kimi əməkdaşlıq sahələrində əlaqələrin daha da gücləndirilməsinə mühüm töhfə verəcəksiniz.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı bildirir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm".

XXX

ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Duq Kollinsdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Azərbaycan Cənubi Qafqaz regionunda vacib qüvvədir. Sizin rəhbərliyinizlə Azərbaycanda demokratik proseslər daha da güclənmişdir.

Azərbaycan enerji böhranını həll etməkdə Avropaya əhəmiyyətli dərəcədə kömək göstərmişdir. Bununla yanaşı Azərbaycan terrorizmə qaşı qlobal mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır. ABŞ Əfqanıstan və İraqda aparılan sülhməramlı əməliyyatlarda Azərbaycanın göstərdiyi xidmətləri yüksək qiymətləndirir.

Ölkələrimiz açıq cəmiyyət qurulması və gələcək nəsillərin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm məqsədlərdə müttəfiqdir. Azərbaycanın parlaq gələcəyi vardır və mən bir daha qələbəniz münasibətilə Sizi təbrik edirəm".

XXX

İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mayis Nuriyevdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İtaliyada fəaliyyət göstərən "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının bütün üzvləri adından təbrik edirəm.

Cənab Prezident, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diaspor quruculuğu işi Sizin rəhbərliyinizlə uğurla davam etdirilmiş, bu sahəyə dövlət qayğısı ildən-ilə artmışdır. Siz ulu öndər Heydər Əliyev ənənələrinə sadiq qalaraq xarici ölkələrdə yaşayan soydaşlarımızla, onların üzləşdiyi problemlərlə yaxından maraqlanmış, diasporumuzun təşkilatlanması, güclü, mobil qüvvəyə çevrilməsi işinə böyük töhfələr vermisiniz.

Artıq iyirmi ildən çoxdur ki, Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə irəliləyərək hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində işləri ardıcıl surətdə davam etdirir. Bu tədbirlər həm soydaşlarımız, həm də Avropa xalqları tərəfindən hörmətlə qarşılanır və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə səbəb olur.

Möhtərəm Prezident, Sizə tarixi Vətənimiz Azərbaycanı inkişaf etdirmək işində uğurlar arzu edirik. Əminik ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə daha da güclənəcək və dünya azərbaycanlılarını da gücləndirəcəkdir. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirik".

XXX

Saksoniya Alman-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri Ağahüsein Babayevdən:

"Azərbaycan xalqının mütləq əksəriyyətinin etimadını qazanaraq prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Saksoniya azərbaycanlıları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Müstəqil demokratik Azərbaycan dövlətinin və xalqımızın iqtisadi, siyasi, mədəni inkişafını arzulayan hər bir soydaşımızın qarşıdan gələn növbəti beş il ərzində yalnız Sizi Prezident görmək istəyi xaricdə yaşayan biz azərbaycanlılar üçün də sevindirici haldır. Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımız ötən on ildə Sizin rəhbərliyinizlə daha da inkişaf edərək istər Qərbdə, istərsə də Şərqdə müstəqil siyasət yeridən qüdrətli dövlətə çevrilmişdir. İndi bizim tarixi vətənimiz Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı, dünyanın aparıcı dövlətləri arasında özünəməxsus balanslaşdırılmış siyasəti, yüksək təminatlı hərbi potensialı vardır. Dövlətin müstəqilliyi və inkişafı üçün son dərəcə vacib olan bu amillərin təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş, Sizin rəhbərliyinizlə bugünkü səviyyəyə çatmışdır.

Cənab Prezident, Almaniyada fəaliyyətə başladığımız ilk gündən yalnız Ulu Öndərimizin siyasətinə sadiq qalacağımızı bəyan etmişik. Bu gün ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycanımızı istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə nəinki Qafqazın, hətta regionun lider dövlətinə çevirdiyinizə, Qarabağımızın erməni işğalından azad olunması istiqamətində aparılan danışıqlarda möhkəm siyasi iradəyə malik olduğunuza, yalnız xalqımızın və dövlətimizin mənafeləri çərçivəsində fəaliyyətinizə görə biz, Saksoniyada yaşayan azərbaycanlılar Sizi sevirik, yalnız Sizə inanırıq və hər an Sizin tərəfinizdə olduğumuzu bəyan edirik.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar diləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti