...

Müsavat Partiyası "Qarabağ" siyasi bloku ilə əməkdaşlıq məsələsinə aydınlıq gətirib

Siyasət Materials 28 Yanvar 2014 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın "Qarabağ" siyasi bloku ilə əməkdaşlıq məsələsinə aydınlıq gətirib.

A.Hacılı Trend-ə açıqlamasında bununla bağlı Müsavat Partiyasında hər hansı müzakirənin getmədiyini vurğulayıb.

"Qarabağ" blokundan Müsavat Partiyasına müəyyən təkliflərin olması məsələsinə toxunan A.Hacılı bu barədə məlumatsız olduğunu bildirib: "Mənim bu barədə məlumatım yoxdur. Müsavat Partiyasında bu məsələ müzakirə olunmur".

İcra Aparatının rəhbəri ümumiyyətlə, "Qarabağ" blokundan müraciət daxil olacağı halda hansı qərarın veriləcəyi barədə danışmağın hələ tez olduğunu diqqətə çatdırıb: "Mən baş verməmiş hadisə barəsində əvvəlcədən rəy bildirmək istəməzdim, müraciət edərlər, baxarıq. Amma hələ elə bir müraciət yoxdur".

Qeyd edək ki, "Qarabağ" blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend-ə açıqlamasında Müsavat Partiyasına müəyyət təkliflər verdiyini deyib: "Mən dolayısı ilə mətbuat vasitəsilə və şəxsi kanallarla Müsavat Partiyasına müəyyən təkliflər vermişəm, amma indi parçalanma prosesi elə gedir ki, bu mərhələdə hələlik birləşmə meyilləri çətin meydana çıxsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti